Cəmiyyət Özəl

Bakıda dərsə, işə getmək niyə müşkül məsələyə çevrilir? — AÇIQLAMA

Bakıda dərsə, işə getmək niyə müşkül məsələyə çevrilir? — AÇIQLAMA

Bakıda hər gün saatlarla davam edən tıxaclar artıq şəhər həyatının ayrılmaz və narahatedici reallığına çevrilib. Səhər və axşam pik saatlarında yolların iflic vəziyyətə düşməsi, ictimai nəqliyyatın gecikməsi və minlərlə insanın saatlarla yolda qalması paytaxtın mobillik sistemində ciddi problemlərin olduğunu açıq şəkildə göstərir. Xüsusilə son günlərdə metroda baş verən texniki nasazlıq bu problemin nə qədər dərin və sistemli xarakter daşıdığını bir daha üzə çıxardı.

Hadisə göstərdi ki, Bakı kimi milyonluq şəhərdə nəqliyyatın əsas yükünün bir neçə istiqamət və ya bir nəqliyyat növü üzərində cəmləşməsi böyük risk yaradır. Metro xəttində yaranan qısa müddətli problem belə şəhərin ümumi hərəkət ritmini pozmağa, yerüstü nəqliyyatda xaosa və əlavə sıxlığa səbəb olur.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, böyük şəhərlərdə relsli nəqliyyat mühüm rol oynayır və bu sistemin əsas dayağı məhz metro hesab olunur:

“Əgər mobillikdən, xüsusilə də milyonluq şəhərlərin nəqliyyat yükündən danışırıqsa, burada eyni anda daha çox sərnişin daşıya bilən, uzunmüddətli istismar olunan və hava şəraitindən asılı olmayan nəqliyyat növləri ön plana çıxır. Bu baxımdan metro, tramvay və şəhərətrafı elektrik qatarları xüsusi əhəmiyyət daşıyır. Bakıda metronun mövcud olması, şübhəsiz ki, müsbət haldır. Lakin şəhərin inkişaf tempi ilə müqayisədə metro şəbəkəsinin genişlənməsi bir qədər geri qalıb. Şəhər daha sürətli böyüyüb, amma metro infrastrukturu eyni sürətlə inkişaf etməyib. Qarşıdan isə Bakı metrosunun 60 illiyi gəlir və bu, mövcud sistemin yenilənməsi üçün ciddi bir mərhələ kimi dəyərləndirilə bilər. Hazırkı şəraitdə rabitə, siqnallaşdırma və enerji təchizatı kimi əsas infrastruktur elementlərinin yenilənməsi artıq dövrün tələbidir. Eyni zamanda, mövcud üç xəttin daha müstəqil fəaliyyət göstərə bilməsi vacibdir ki, bu da sərnişin daşımalarının daha sürətli və effektiv həyata keçirilməsinə imkan yaratsın”.

O bildirib ki, dövlət proqramı çərçivəsində bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulur və maliyyələşmənin kreditlər hesabına həyata keçirilməsi planlaşdırılır:

“Proqram çərçivəsində xətlərin ayrılması, yeni deponun tikilməsi, rabitə və siqnallaşdırma sistemlərinin, eləcə də elektrik təchizatının yenilənməsi kimi məsələlər yer alır. Bundan əlavə, metro şəbəkəsinin genişləndirilməsi də əsas prioritetlərdən biridir. Son baş verən hadisələr isə bu sahədə görülən işlərin sürətləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir. Mövcud infrastrukturun vəziyyəti nəzərə alınaraq layihələrin daha operativ icrası zəruri görünür. Bu məsələlər 2025-2030-cu illəri əhatə edən dövlət proqramının tərkib hissəsidir və nəzərdə tutulur ki, həmin dövrə qədər əsas layihələr həyata keçirilsin. Bu kimi çağırışlar isə mövcud vəziyyətin yenidən qiymətləndirilməsi, zəif nöqtələrin müəyyənləşdirilməsi və onların daha sürətli aradan qaldırılması istiqamətində addımların atılmasını tələb edir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova