Xırdalan şəhərində 44 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 7-də, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində baş verib.
1982-ci il təvəllüdlü Aqil məhkəmə qərarı ilə nigahlarına xitam verilsə də, hələ də birlikdə qaldığı keçmiş arvadı Gülarənin (adlar şərtidir – red.) ona evə gec gəlməsi, habelə 2013-cü il təvəllüdlü azyaşlı övladlarına paltar almaması ilə bağlı irad bildirməsi üstündə mübahisəsi yaranıb.
Həmin səbəblərdən tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verən zaman Aqil qadının üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun ağız, sifət nahiyələrinə vurub. Ardınca əlləri ilə onun boğaz nahiyəsindən sıxaraq onu boğmağa cəhd edib.
Faktla bağlı Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərib və barəsində olan işin icraatına xitam verilməsini hakimdən xahiş edib.
Zərərçəkmiş şəxsdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ona vurduğu ziyanı ödədiyini deyib. Bildirib ki, onunla barışıb, ona qarşı şikayəti yoxdur. O, keçmiş ərini bağışladığını, cəza verilməməsini istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


