Şamaxı rayonunun Mərzəndiyə kənd sakini 1995-ci il təvəllüdlü Leyla Mikayılovanın dünyaya gətirdiyi uşaq aprelin 16-sı Bakı şəhərində yerləşən özəl xəstəxanda ölüb. Yeni doğulanın ölümü körpələrdə erkən ölümün səbəbi və riskləri haqqında suallar yaradıb. Hansı hallarda erkən ölüm halı baş verə bilər?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, yeni doğulan körpə ölümü hər bir ailə üçün çox ağır və həssas mövzudur:
"Bu cür halların səbəbi əksər vaxt tək bir faktor olmur. Adətən həm körpənin tibbi vəziyyəti, həm hamiləliyin gedişi, həm doğuş zamanı yaranan problemlər, həm də göstərilən tibbi xidmətin səviyyəsi birlikdə rol oynayır. Yeni doğulan körpələrdə ölüm hallarına səbəb ola bilən əsas tibbi faktorlar arasında vaxtından əvvəl doğuş və orqanların tam yetişməməsi, doğuş zamanı oksigen çatışmazlığı, ağır infeksiyalar və sepsis, anadangəlmə ürək, beyin və digər orqan qüDosurları, aşağı doğum çəkisi, tənəffüs çatışmazlığı və ağciyər problemləri, eləcə də genetik və metabolik xəstəliklər yer alır".
O bildirib ki, xəstəxana və avadanlığın da müəyyən hallarda birbaşa rolu ola bilər:
"Çünki müasir neonatal reanimasiya avadanlığı, inkubatorlar, süni tənəffüs cihazları, monitorinq sistemləri və güclü laborator imkanlar riskli körpələrin həyatını xilas etməkdə çox vacibdir, eyni zamanda təcrübəli neonatoloq və reanimasiya komandası da ən az avadanlıq qədər önəmlidir, lakin hər körpə ölümünü yalnız xəstəxana və ya avadanlıq problemi ilə izah etmək düzgün olmaz. Çünki bəzi körpələr çox ağır genetik qüsurlarla, çox erkən həftədə və ya həyatla uyğun olmayan ciddi patologiyalarla doğula bilər və belə hallarda ən yüksək səviyyəli tibbi yardım belə bəzən kifayət etmir. Bəzi hallarda isə sistem problemləri də rol oynaya bilər, məsələn hamiləliyin düzgün izlənməməsi, riskli hamiləliyin vaxtında ixtisaslaşmış mərkəzə yönləndirilməməsi, doğuş zamanı gecikmiş müdaxilə, reanimasiya komandası və təcrübə çatışmazlığı, infeksiya nəzarətinin zəif olması, eləcə də lazımi avadanlığın olmaması və ya gec istifadəsi kimi vəziyyətlər risk yarada bilər. Ümumilikdə yeni doğulan körpə ölümləri sadəcə tibbi məsələ deyil, bu həm də səhiyyə sisteminin hazırlığı, doğuş xidmətinin keyfiyyəti, erkən diaqnostika və neonatal reanimasiya imkanları ilə sıx bağlıdır, yəni səbəb bəzən körpənin çox ağır vəziyyəti, bəzən isə tibbi imkanların yetərsizliyi ola bilər və hər hadisəyə ayrıca və obyektiv yanaşmaq lazımdır", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


