Siyasət Özəl

Aİ-nin Ermənistandakı yeni missiyası və yaranan suallar — ŞƏRH

Aİ-nin Ermənistandakı yeni missiyası və yaranan suallar — ŞƏRH

Avropa İttifaqının Ermənistanda ikinci missiyası olacaq. Bu barədə məlumatı “Azadlıq Radiosu”nun erməni xidməti yayıb. Bildirilib ki, bu gün Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər. Qərar hələ gələn həftə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında yekun olaraq təsdiq olunmalıdır.

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, siyasi şərhçi Zaur İbrahimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda Ermənistan arasında sülh sazişinin ötən il avqustun 8-də Vaşinqtonda paraflanmasından sonra Avropa İttifaqının mülki missiyasının mandatının predmeti ortadan qalxıb:

“Əvvəl bu missiya tərəflər arasında insidentlərin yaranmaması və şərti dövlət sərhədində hər hansı bir hərbi toqquşmalara və provokasiya cəhdlərinə yol verilməməsi məqsədilə Ermənistana göndərilmişdi. Və həmin missiya göndərilən zaman Azərbaycanın rəyi nəzərə alınmamışdı. İlkin variantda Azərbaycan yalnız iki ay müddətinə bu cür mülki missiyanın Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə göndərilməsinə razılıq vermişdi. Lakin bu iki ay müddət bitəndən sonra artıq hər biri iki il olmaqla, dörd il müddətinə bu mülki missiya Ermənistanda yerləşdirildi. Və ilk vaxtlar bu mülki missiya şərti dövlətlərarası sərhəddə insidentlərin qarşısını almaq, gərginliyi aradan qaldırmaq əvəzinə, tam fərqli missiya ilə məşğul olurdu. Bəzən səbəbsiz yerə, zərurət olmadan Azərbaycan ərazilərinə yaxın yerlərdə, ölkəmizin sərhədləri daxilindəki ərazilər müşahidə olunurdu və bu, çox nümayişkaranə şəkildə həyata keçirilirdi. Bunun ətrafında piar kampaniya aparılırdı. Lakin Azərbaycanla Ermənistan arasında sülh prosesi irəlilədikcə bu cür insidentlər də aradan qalxdı”.

O diqqətə çatdırıb ki, son bir ildə mülki missiya haqqında faktiki olaraq heç bir məlumat yoxdur:

“Həm Rusiya mətbuatında, eyni zamanda bir çox hallarda İrana yaxın mənbələrdə də o məlumat yayılır ki, bu mülki missiya daha çox Avropa İttifaqı ölkələrinin kəşfiyyat maraqlarına xidmət edir. Regiondakı ölkələrin hərbi potensialı barədə məlumatlar toplayır. Həmçinin bu mülki missiyanın heyəti də keçmiş hərbçilərdən və kəşfiyyatçılardan ibarət idi. Bu baxımdan bu mülki missiyanın Ermənistandakı fəaliyyətinin yenidən uzadılması məqsədləri mənim üçün müəmmalıdır. Ola bilsin ki, yenə hansısa izah verəcəklər, lakin əvvəlki mandat və missiyada bu cür yarıhərbiləşdirilmiş qrupun Ermənistanda qalması, keçmiş təcrübəni nəzərə alsaq, ən azı suallar doğurur. Hər halda Ermənistan hökuməti yəqin ki, bununla bağlı izah verəcək. Maraqlıdır ki, hansı izah veriləcək və hansı məqsədlə irəli sürüləcək. Lakin indidən irəli gedib demək olar ki, əgər bu missiyanın fəaliyyəti qüvvədə qalacaqsa, artıq üzdə olmasa da, arxa planda bu missiyanın mandatı fərqli olacaq. Azərbaycanla Ermənistan arasında sülh prosesi irəliləyir və real baxsaq, indiki halda bu missiyaya ehtiyac yoxdur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova