Bakının Suraxanı rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Amid həyat yoldaşı Vəsilə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb Amidin hər gün evə gec gəlməsi, ailəsinə yaxşı baxmaması ilə bağlı olub. Sonuncu hadisə günü Amid yenə də evə gec gəlib.Bu zaman Vəsilə ərinə evə gec gəlməsini və ailəsi ilə maraqlanmamasını irad kimi bildirib, ondan boşanmaq barədə qəti fikrə gəlməsini deyib. Bu səbəbdən ər-arvadın arasında mübahisə yaranıb.
Mübahisə zamanı Amid qəsdən əli ilə Vəsilənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Amidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Amid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, günahkar olduğunu qəbul edir:
“Mən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxslə barışmışam. Aramızda heç bir problem yoxdur, hər şey qaydasındadır. Bir evdə yaşayırıq, əvvəllər aramızda yüngülvari mübahisə olub. Bizim mübahisələrimiz tez-tez olmur. Hesab edirəm ki, bu, hər ailədə baş verən haldır. Mən zərərçəkmişlə 18 ildir evliyəm, 4 uşağımız var. Onlardan biri azyaşlıdır, onun iki yaşı, ən böyük uşağımın isə on beş yaşı var”.
Zərərçəkmiş Vəsilə bildirib ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxslə barışıb, bir də belə halların təkrarlanmayacağına inanır: “Amid uşaqlarıma yaxşı atadır, onları oxudur və təhsilləri ilə maraqlanır. Ona qarşı heç bir şikayətim yoxdur”. Z ərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş notarial qaydada təsdiqlənmiş görünür ki, o, təqsirləndirilən şəxs qarşı öz tərəfindən heç bir şikayəti və tələbi olmayıb, gələcəkdə də olmayacaq.
Məhkəmə hesab edib ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


