Siyasət Özəl

Hər iki tərəf qələbə elan edib: Əslində isə vəziyyət belədir

Hər iki tərəf qələbə elan edib: Əslində isə vəziyyət belədir

Yaxın Şərqdə 40 gündür davam edən gərginlikdə mühüm dönüş nöqtəsi yaşanıb. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Razılaşmanın əsas şərti kimi İran Hörmüz boğazını dərhal beynəlxalq keçidlər üçün açmağı öhdəsinə götürüb.

Donald Tramp bu addımı ABŞ ordusunun qələbəsi adlandıraraq İranın 10 maddəlik təklifini müzakirə etməyə hazır olduqlarını bildirib.

Atəşkəs rəsmən 10 aprel tarixində başlayacaq və tərəflər yekun sülh variantını müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabadda bir araya gələcəklər. İranın təqdim etdiyi 10 maddəlik planda sanksiyaların tamamilə ləğvi, dondurulmuş aktivlərin qaytarılması, uran zənginləşdirilməsinin tanınması və ABŞ qüvvələrinin regiondan çıxarılması kimi ciddi tələblər yer alır. Tehran rəhbərliyi bu müddət ərzində hərbi əməliyyatları dayandıracağını bəyan edib.

İsrail Baş naziri Benyamin Netanyahu atəşkəs qərarını dəstəklədiyini desə də, bunun Livan cəbhəsinə şamil edilməyəcəyini vurğulayıb. Lakin Pakistan Baş naziri Şahbaz Şərif atəşkəsin Livan da daxil olmaqla bütün cəbhələri əhatə etdiyini israr edir. İslamabadda keçiriləcək görüşlərdə ABŞ-ı vitse-prezident Ceyms Devid Vens və Jared Kuşnerin təmsil edəcəyi gözlənilir. Bu 15 günlük müddət regionda qalıcı sülhün və ya daha böyük bir qarşıdurmanın taleyini həll edəcək.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova