Bakıda 1996-cı il təvəllüdlü Nəsimi qeyri-rəsmi münasibətdə olduğu Mənzərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi 2025-ci ilin martın 3-də, axşam saatlarında birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Mənzərin sol qoluna və ayaqlarına bir neçə yumruq, təpik zərbələri vurub. Sonra mənzildə olan bıçaq ilə onun kürək və bilək nahiyələrinə zərbələr yetirib.
Bundan başqa o, həmin ilin aprelin 16-da, saat 19 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Stomatologiya” klinikasının yaxınlığında idarə etdiyi avtomobilin içərisində Mənzərin ondan icazəsiz evdən çıxmasını səbəb gətirib, şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı qadının ayaqlarına bir neçə dəfə bıçağın dəstəyi ilə vurub.
Nəsiminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Nəsimi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən məlum hadisədən üç ay əvvəl Mənzəri tanıyır: “Biz birlikdə qeyri-rəsmi olaraq mənim kirayə tutduğum evdə ər-arvad kimi yaşamışıq. Əvvəllər münasibətlərimiz yaxşı olub. Mənzər qadın xəstəliyi ilə bağlı əziyyət çəkir və həmin xəstəlik ilə bağlı olan müalicələrinə maddi yardım göstərmişəm. Təxminən son 6 ay müddətdir ki, mənim Mənzərlə aramızda münasibətlərimiz pisləşdiyi üçün artıq birlikdə yaşamamışıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 3-də yaşadıqları mənzildə olduqları zaman Mənzər ilə aralarında yaranan mübahisə zamanı əsəbləşib, ona bir dəfə şillə ilə sifətindən vurub:
“Bu zaman Mənzər yıxılaraq dolaba dəydi. Bundan sonra isə aprelin 16-da, saat 19 radələrində Mənzər məndən icazəsiz Yeni Günəşli qəsəbəsində yerləşən diş həkiminin yanına getdiyi üçün həmin vaxt onun arxasınca getdim. Mənzər həkimin yanından çıxdıqdan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı idarə etdiyim avtomobilin içərisində əsəbləşdiyim üçün bir dəfə əlim ilə Mənzərin ayağına vurdum. Ona bıçaqla xəsarət yetirməmişəm. Ümumiyyətlə mənim bıçağım olmayıb. Sadəcə Mənzəri avtomobilin içərisində bir dəfə ayağından əlim ilə vurmuşam. Mən Mənzərdən 8000 manat götürməmişəm. Rayonda 6 sot torpaq sahəsi olub. Mənzər xəstəlikdən əziyyət çəkdiyi üçün həmin torpaq sahəsini birlikdə 8900 manata satdıqdan sonra həmin pulları Mənzərin xəstəliyinə və borclarımıza xərcləmişik. Həmin pullardan heç bir məbləğ götürməmişəm. “İphone 16 Pro” markalı mobil telefonumu Mənzərə hədiyyə olaraq öz bacımın adına kredit yolu ilə götürərək vermişəm. Mebeli isə Mənzər öz adına kredit yolu ilə rəsmiləşdirib. Mənim avtomobilimin Mənzərə heç bir aidiyyəti olmayıb. Həmin avtomobili öz pulum ilə özümə almışam və hazırda da həmin avtomobili idarə edirəm”.
Təqsirləndirilən şəxs deyib ki, Mənzər ilə ər-arvad kimi yaşadıqları zaman ona dəfələrlə pul göndərib və həmin pulları göndərməyi barədə qəbzləri də var: “Mənzərin bütün xərclərini özüm ödəmişəm. Mənzərdən bir dəfə də olsun pul götürməmişəm və pulunu ələ keçirməmişəm”.
Nəsiminin ifadəsinə görə, zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməyib, ümumiyyətlə bıçağı yoxdur: “Aprelin 16-da Mənzərlə aramızda mübahisə olub. Mən onu vurmuşam. Lakin hansı xəsarətləri yetirdiyimi xatırlamıram. Martın 3-də aramızdakı mübahisənin səbəbi xəyanət idi. Mənzərlə əvvəllər mübahisələrimiz olmayıb. Barışıq üçün lizinq müqaviləsinə əsasən aldığım, atamın adına rəsmiləşdirdiyim avtomobili Mənzərə vermişəm. İndiyədək olan ödənişləri özüm həyata keçirmişəm, qalan məbləği isə Mənzər özü ödəyəcək”.
İş üzrə zərərçəkmiş Mənzərin sözlərinə görə, təxminən 2023-cü ilin dekabr ayından Nəsimi işlədiyi kafeyə tez-tez müştəri kimi gəlib-getməsi səbəbindən tanıyır: “Bir müddət sonra Nəsimi ilə aramızda olan münasibətlər daha da səmimiləşdi. Təxminən 2024-cü ilin mart ayından etibarən Nəsimi yaşadığım mənzilə gələrək mən və oğlum ilə birlikdə yaşamağa başladı. Bizim ilk əvvəl münasibətlərimiz çox normal qaydasında olub. Bu səbəbdən ona etibar etmişəm”.
Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin sentyabr ayında avtomobil almaq fikrinə gəlib: “Bununla bağlı Nəsimi ilə məsləhətləşdim. Nəsimi Ağstafa şəhərində mənə məxsus olan 6 sot torpaq sahəsini satmağımı və həmin torpaq sahəsindən əldə edəcəyim gəlirlə ilkin ödəniş edərək avtomobil almağı məsləhət gördü. Mən də Nəsimiyə etibar etdiyimdən onun sözlərində həqiqət olduğunu gördüm və bu təklifi ilə razılaşdım. Bunun ardından həmin ilin oktyabr ayında Nəsimi ilə birlikdə qeyd etdiyim torpaq sahəsini satmaq üçün Ağstafa şəhərinə yollandıq. Ağstafa şəhərində Nəsimi mənə məxsus torpaq sahəsinin şəkillərini çəkərək “Tap.az” saytına elan şəklində yerləşdirdi. Sonra birlikdə yenidən Bakı şəhərinə qayıtdıq. Həmin vaxtdan təxminən 10 gün sonra tanımadığım bir nəfər müştəri Nəsimi ilə əlaqə saxlayaraq torpaq sahəsini almaq istədiyini bildirdi. Həmin gündən 10 gün sonra yenə də Nəsimi ilə birlikdə torpaq sahəsinin alqı-satqısı barədə sənədləşmə işlərini qaydasına qoymaqdan ötrü Ağstafa şəhərinə getdik. Oraya çatdığımız gün torpaq sahəsini müştəriyə 9900 manata satdıq və ardından elə həmin gün Bakı şəhərinə qayıtdıq”.
Mənzərin ifadəsinə görə, 2024-cü ilin dekabr ayında Nəsimi ilə birlikdə avtosalonları gəzərək avtomobil bəyənməyə çalışıb: “Bu zaman Xətai rayonu, Babək prospektində yerləşən adını xatırlamadığım avtosalonların birində “JAC 4” markalı avtomobili bəyəndim və 10000 manat ilkin ödəniş etməklə ümumilikdə 28000 manat məbləğin qalan 18000 manat hissəsini 60 aylıq hissəyə bölməklə ödəniş etməyə razılaşdım. Lakin avtomobilin bir həftə sonra gələcəyini bildirdiklərindən həmin vaxt 700 manat beh verərək avtosalondan uzaqlaşdıq. Qeyd etdiyim gündən 3 gün sonra avtosalondan zəng gəldi və avtomobilin artıq hazır olduğunu, gələrək götürə biləcəyimizi dedilər. Bu müddət ərzində Nəsimi mənə avtomobili daimi iş yerim olmadığından adıma sənədləşdirməyin mümkün olmayacağını dedi, təkidlə avtomobili özünün adına rəsmiləşdirməyi tələb etdi. Mən də ona inandım. Bu səbəbdən də heç bir etiraz etmədim və avtosalondan zəng gəldiyi gün Nəsimi bu məsələni özünün həll edəcəyini bildirərək oraya yollandı. Həmin gün axşam saatlarında Nəsimi mənə avtomobilin və onun dövlət qeydiyyat nömrə nişanının şəkillərini göndərərək artıq avtomobili öz atasının adına alaraq rəsmiləşdirdiyini bildirdi. Mən isə Nəsimiyə nə üçün avtomobili mənim deyil, atasının adına aldığını soruşdum. Çünki Nəsiminin atasının da rəsmi və daimi iş yeri olmayıb. O da bunun heç bir əhəmiyyət kəsb etmədiyini, nəticədə avtomobilin bizə məxsus olduğunu dedi. Mən də Nəsimiyə olan etimadımdan şübhə etməyərək sözlərinə qəti şəkildə inandım”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2024-cü ilin dekabr ayının sonlarında onlar birlikdə yaşadıqları ünvandan başqa mənzilə köçüblər: “Həmin ünvana köçməmişdən təxminən 1-2 gün əvvəl Nəsimiyə yeni evə mebelin gərəkli olduğunu söylədim. O da bu təklifimə etiraz etmədi, mənimlə razılaşdı. Bu səbəbdən elə həmin gün 200 manat ilkin ödəniş etməklə aylıq hissə-hissə ödəniş etməyə razılaşaraq bir neçə mebel dəsti aldıq. Nəsimi mənim evdə 8000 manat pulumun olduğunu bildiyindən həmin pulun 4000 manatını götürərək mebel dəstinin kreditini tam şəkildə ödəməyi, yalnız maşın üçün aylıq ödəməyi təklif etdi. Mən Nəsimiyə olan etimadımdan heç bir etiraz etmədim, 4000 manat məbləğində pul vəsaitini ona verdim. O da pulu götürərək həmin günün səhəri evdən çıxdı və axşam saatlarında geri qayıtdıqda mebel dəstinin qalıq borcunu tam şəkildə ödədiyini bildirdi”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2025-ci ilin fevralın 12-də Nəsimiyə özünə “İphone 16” markalı mobil telefon almaq istədiyini söyləyib: “Nəsimi də heç bir problemin olmadığını, evdə qalan mənə məxsus 4000 manat pula telefon ala biləcəyimi dedi. Yenə də ona inanaraq qalan 4000 manat pulumu etiraz etmədən ona telefon alması üçün verdim. O, ertəsi gün istədiyim mobil telefonu gətirərək mənə verdi”. Zərərçəkmiş deyib ki, həmin ilin fevralın 16-da Nəsimi ilə arasında ona xəyanət etməsi səbəbindən mübahisə yaranıb: “Aramızdakı bu sözlü mübahisə zamanı Nəsimi mənə əsəbi halda nalayiq ifadələr işlətdi, danışmadığımız təqdirdə mebel dəstinin, hələ yeri gələrsə, mobil telefonun aylıq kreditini də özümün ödəyəcəyimi dedi. Bu vaxt onun sözlərindən təəccübləndim. Çünki Nəsiminin məndən aldığı 8000 manat pulu həm mebel dəstinin qalıq borcunu ödəmək üçün, həm də mənə mobil telefon almaq üçün sərf etdiyini zənn etmişdim. Lakin həmin anda bunun belə olmadığını, yəni Nəsiminin mebel dəstinin qalıq borcunu ödəmədiyini, mobil telefonu da 1500 manat ilkin ödəniş ödəməklə bacısının adına rəsmiləşdirərək kreditə aldığını anladım”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, martın 3-də, axşam saatlarında Nəsimi ilə birgə yaşadıqları mənzildə olublar: “Bu vaxt Nəsimi işdən evə gəlib. Həmin vaxtlar Nəsimi ilə artıq mütəmadi olaraq şəxsi münasibətlər zəminində mübahisə edirdik. Bu səbəbdən münasibətlərimiz pisləşmişdi. Həmin gün biz yenə də səbəbini xatırlamadığım, lakin şəxsi münasibətlər zəminində olan problemlərinə görə evdə mübahisə etməyə başladıq. Nəsimi mübahisə zamanı nalayiq ifadələr işlədərək məni dayanmadan təhqir etdi. Bir az bu şəkildə mübahisə davam etdikdən sonra artıq Nəsimi çox aqressivləşərək mənim sol qoluma və ayaqlarıma yumruq, təpiklə zərbələr endirməyə başladı. Qoluma endirdiyi zərbədən sonra özümü qorumaq üçün yerə yıxılaraq əllərim ilə üzümü tutmağa başladım. Bu vaxt Nəsimi yenə də mənə zərbələr endirməyə davam etdi. O, bununla kifayətlənmədi, yerdə uzanmış vəziyyətdə olarkən əynindəki paltarlarımı çıxararaq məni ayağa qaldırdı, evin qonaq otağında yerləşən divanda əyləşdirdi. Otaqdakı masanın üzərindən mətbəx bıçağını götürərək kürək və bilək nahiyələrimə xəsarət yetirməyə başladı. Bu vaxt qorxudan ağladım və daha da ciddi xəsarətlər yetirəcəyi ehtimalından qorxdum, heç bir reaksiya göstərmədim. Həmin vaxt oğlum evdə olub. Lakin Nəsimi olduğumuz otağın qapısını kilidlədiyi üçün oğlum otağa daxil ola bilməyib. Mən də övladım qorxmasın deyə səsimi çıxarmamışam. Nəsimi bu hərəkətlərinə davam edərkən anidən telefonuna zəng gəldi. Telefona baxdıqda zəng edənin anası olduğunu gördüm. Bu səbəbdən telefonu götürərək zəngə cavab vermək üçün otaqdan çıxdı, evin mətbəxinə keçdi. Mətbəxə keçərkən də oğlumun yanıma gəlməməsi üçün qonaq otağının qapısını arxadan bağladı. Təxminən 10 dəqiqə keçdikdən sonra Nəsimi əlində yapışqan bərkidici sprey və kimyəvi turşu ilə gəldi. Yenidən divanda yanıma əyləşdi, gətirdiyi spreyi gözlərimə sıxmağa başladı. Kimyəvi turşunu isə bıçaqla bədənimin xəsarət yetirdiyi hissələrinə tökdü. Bu vaxt yenə də övladım qorxmasın deyə səsimi çıxarmadan ağrılara dözdüm. Bir az keçdikdən sonra Nəsimi yaralarımın qanadığını, artıq dözə bilmədiyimi gördü. Həmçinin halımın pisləşdiyini, huşumu itirə biləcəyimi bildirdim. Buna görə də o, sakitləşdi”.
Mənzər qeyd edib ki, aprelin 16-da, saat 19 radələrində dişinin ağrıması səbəbindən Yeni Günəşli qəsəbəsində yerləşən stomatoloqa müraciət edib: “Nəsimi də həmin vaxt orada olduğumu bildi. Çünki Nəsimi ilə getməmişdən əvvəl telefon əlaqəsi saxlamışdım. Həkim dişimin müalicəsi ilə məşğul olan zaman Nəsimi anidən içəri daxil oldu və həkimə mənim yoldaşı olduğumu bildirdi, zəhmət haqqının nə qədər olduğunu soruşdu. O, həkimin zəhmət haqqını ödədikdən sonra məni çölə dəvət etdi. Çölə çıxdıqda Nəsimi əynində olan gödəkçəsinin cibindən bıçaq çıxararaq ətrafdan görünməyəcək şəkildə yan hissəmə tuşladı, avtomobilə əyləşməyimi tələb etdi. Mən də qorxaraq onunla birlikdə avtomobilə əyləşdim. Bu vaxt avtomobilin içərisində Nəsimi əlini uzadaraq ayağımdan yapışdı və özünə tərəf dartdı. Daha sonra bıçağın dəstəyi ilə ayağıma zərbələr endirməyə başladı. Ayağımı geri çəkərək Nəsiminin əlindən çıxmağa çalışdım. O, hər iki ayağıma zərbələr endirmək cəhdlərinin qarşısını aldım. Nəsimi zərbələr endirərkən əsəbi halda dəfələrlə çölə çıxmamağımı tapşırdığını, bəs nə üçün bu sözünə əməl etmədiyimi soruşdu. Mən də ağrılara dözə bilmədiyimdən ona söz verərək, bir daha çölə çıxmayacağımı bildirdim. Bu səbəbdən Nəsimi sakitləşdi, mənə qarşı olan bu hərəkətlərinə son verdi. Sonra məni yaşadığım evə apardı. O isə öz yaşadığı ünvana qayıtdı”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib, ona dəymiş ziyanı tam ödəyib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.
Fariz Məlikli Demokrat.az


