Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.
Demokrat.azxəbər verir ki, Baş nazir Əli Əsədov yekun nitqi ilə çıxış edərək gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparıldığını bildirib.
"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır", - o qeyd edib.
Ə.Əsədov tədbirin yekunu olaraq birgə bəyanat qəbul edildiyini açıqlayıb.
*** 11:07
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü başlayıb.
Demokrat.az xəbər verir ki, görüş rəsmi Bakının ev sahibliyi ilə keçirilir.
Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov iştirak edir.
Tədbirdə Baş nazir Əli Əsədov digər ölkələrdən olan həmkarlarını salamlayıb və ailə fotosu çəkdirilib.
Demokrat.az


