Yazın gəlişi ilə allergiyası olan şəxslər üçün çətin günlər başlayır. Ağacların çiçəkləməsi və tozcuqların yayılması bir çox insanda burun tutulması, asqırma və nəfəs darlığı kimi narahatlıqlara yol açır.
Məsələ ilə bağlı allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O deyib ki, yaz allergiyası, yəni mövsümi allergik rinit əsasən yaz və payız aylarında daha çox müşahidə olunur:
“Lakin bəzi hallarda ilboyu davam edən formaları da mövcuddur. Bu hal həm uşaqlarda, həm də böyüklərdə rast gəlinə bilər və gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Əsas əlamətlərə səhərlər burun tutulması, tez-tez asqırma, xüsusilə günün ilk saatlarında intensiv asqırma tutmaları, axşam saatlarında burunla nəfəs almanın çətinləşməsi və bəzən gecə öskürəyi daxildir. Uşaqlarda bu vəziyyət bəzən səhərlər qripə bənzər simptomlarla özünü göstərsə də, gün ərzində şikayətlər azalır, lakin axşam yenidən təkrarlana bilər. Allergik rinitin yaranmasının əsas səbəbləri arasında tozlanma, ev tozuna qarşı həssaslıq, heyvan tükləri və bəzi qida məhsulları yer alır”.
Ekspert qeyd edib ki, mövsümi allergik rinit həm uşaqlarda, həm də böyüklərdə eyni dərəcədə narahatlıq yaradır. Simptomlar əsasən səhər saatlarında kəskinləşir və gün ərzində dəyişən intensivliklə davam edir. Xəstəlikdən əziyyət çəkənlər gecələr öskürək və nəfəs alma çətinliyi ilə üzləşirlər. Allergiya yaradan amillər arasında tozlanma ilə yanaşı ev tozu və heyvan tükləri də mühüm yer tutur.
O bildirib ki, bu səbəblərdən qorunmaq üçün ev şəraitində müəyyən tədbirlər görmək vacibdir:
“Yataq ləvazimatlarının sintetik materiallardan olması, otaqda yun xalçaların, ev heyvanlarının və toz toplayan bitkilərin saxlanmaması tövsiyə olunur. Təmizlik zamanı isə su filtrli tozsoranlardan istifadə etmək daha məqsədəuyğundur. Həmçinin, allergiyası olan şəxsin yanında toz qaldıracaq hərəkətlərdən, məsələn yorğan-döşək çırpmaqdan çəkinmək lazımdır. Müalicə məsələsinə gəldikdə isə, dərmanlar mütləq həkim tövsiyəsi ilə istifadə olunmalıdır. Ev şəraitində isə burunun mütəmadi olaraq dəniz suyu ilə yuyulması və nəmləndirilməsi allergik şikayətlərin azalmasına kömək edə bilər. Çünki burun quruluğu simptomların daha da güclənməsinə səbəb olur. Allergik rinitin idarə olunmasında həm düzgün mühitin yaradılması, həm də vaxtında görülən profilaktik tədbirlər mühüm rol oynayır”.
Həkim allergiyası olan şəxslərə profilaktik tədbirləri gecikdirməməyi və dərman preparatlarını yalnız həkim məsləhəti ilə qəbul etməyi məsləhət görür.
Leyla Turan Demokrat.az


