"Makler evləri" ilə bağlı narazılıqlar bitmir. Son günlərdə bu yöndə müzakirələr daha da artıb. Qurudulmuş göllərin üzərində tikilən, tikinti normalarına riayət edilmədən inşa edilən bu evlərin qiymətində kəskin düşüş gözlənilir.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki,evlər tikiləndə ərazilər diqqətlə araşdırılmalı, həyətlərin səviyyəsi müəyyən qaydaya salınmalıdır.
"Həmin ərazilərdə kanalizasiya sistemlərinin ya tam gücü ilə işləməməsi, ya da şamboların olması əsas səbəblərdəndir. İkincisi, evlər tikiləndə ərazilər diqqətlə araşdırılmalı, həyətlərin səviyyəsi müəyyən qaydaya salınmalıdır. Daha çox kürsülü evlər inşa olunmalıdır ki, su basma hallarında su yalnız kürsü səviyyəsinə çatsın və evin özü ziyan görməsin. Eyni zamanda, fundamentlə döşəmə arasında müəyyən hidroizolyasiya vasitələri tətbiq olunmalıdır ki, bu da tikintinin maya dəyərinin artmasına səbəb olur və çox vaxt buna görə imtina edilir"
Ekspert bildirib ki, kürsülü evlərə daha çox önəm verilməlidir:
"Evlərin birbaşa fundamentlə, yəni döşəmənin kontaktı olması divarların kiflənməsinə və döşəmənin nəmlənməsinə səbəb olur. Bu həm insan sağlamlığı üçün ciddi problemdir, həm də evlərin tez aşınmasına gətirib çıxarır. Normalda evlərin ömrü 80-100 il olur, lakin bu cür evlər ikiqat az ömür yaşayır. Bütün bunlar göstərir ki, təsadüfi, keyfiyyətsiz və ucuz evlərdən imtina etmək lazımdır ki, vətəndaşlar sonradan bu problemlərlə üzləşməsinlər".
O deyib ki, sahibkarlar bu istiqamətdə daha çox maklerlərlə əlaqə qururlar.
"Ucuz qiymətə tikinti başa gəlir, çünki normativlərə əməl edilmir: divar qalınlığı yetərli olmur, kommunikasiya vasitələri yerində olmur, kürsü nəzərdə tutulmur və evə birbaşa daxil olmaq mümkündür. Bütün bu çatışmazlıqlar fövqəladə vəziyyət və təbii fəlakət zamanı ciddi problemlərə yol açır. Buna görə də bu halları fırıldaq adlandırmaq əvəzinə, normativlərə uyğun olmayan evlərin alınmasından imtina etmək lazımdır.
Bazarda ucuz, bahalı, lüks və ya premium evlərin təklif olunması hüququ hər kəsə məxsusdur. Lakin alıcı burada diqqətlə qərar verməli, hər şeyi götür-qoy etməlidir. Həvəskarların icra etdiyi tikinti prosesindən yaranan birdaşlı, kürsüsüz və izolyasiya olunmamış fərdi yaşayış evləri təbii fəlakətlər qarşısında dayanıqlı deyil. İlk növbədə həm sağlamlıq, həm dayanıqlılıq, həm də təbii fəlakətlər zamanı diqqət yetirilməlidir ki, sonradan bu cür problemlərlə üzləşilməsin".
Əfsanə Kamal Demokrat.az


