Gülüşün insan orqanizminə müsbət təsiri artıq tibbi faktlarla əsaslandırılır. Terapevt Marianna Mazra uzunmüddətli şən əhval-ruhiyyənin sağlamlıq üçün faydalarından danışarkən maraqlı məqamlara toxunub.
Həkim qeyd edib ki, tibbi nöqteyi-nəzərdən gülüş mürəkkəb neyrofizioloji reaksiyadır. Bu proses zamanı stress hormonu olan kortizolun səviyyəsi orta hesabla 30-37 faiz azalır. Eyni zamanda beyində xoşbəxtlik hormonları sayılan dopamin və endorfinlərin ifrazı aktivləşir. Nəticədə insanda gərginlik azalır və rahatlıq hissi yaranır.
Gülüşün birbaşa müalicəvi təsiri olmasa da, onun immunitetə dolayısı ilə kömək etdiyi təsdiqlənib. Araşdırmalar göstərir ki, gülüş anları iltihab göstəricilərini aşağı salır. Xüsusilə kəskin respirator virus infeksiyaları zamanı maraqlı videolar və ya memlər izləmək bir növ terapiya rolunu oynayır. Stress yükünün azalması xəstəliyin daha yüngül keçməsinə və sağalma prosesinin sürətlənməsinə şərait yaradır.
Gülüşün digər mühüm xüsusiyyəti ağrıkəsici təsiridir. Endorfinlərin səviyyəsinin yüksəlməsi ağrı həddini artırır. Tədqiqatlar sübut edir ki, komediya janrında məzmunlar izləyən şəxslərdə ağrıya dözümlülük digərləri ilə müqayisədə 15 faiz daha yüksək olur. Xroniki ağrılardan əziyyət çəkən pasiyentlərdə gülüş terapiyası həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
Ümumilikdə şən əhval-ruhiyyə ürək-damar xəstəlikləri və maddələr mübadiləsi pozuntularına qarşı profilaktik vasitə hesab olunur. Terapevt bildirir ki, gülüş əsas müalicəni əvəz etməsə də, orqanizmin əlavə resursu kimi stressi idarə etməyin ən sadə və əlçatan yoludur.
İsmayıl Demokrat.az


