Körpə qidalarının qiymətində müşahidə olunan artım cəmiyyətdə narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Bu məhsulların böyük hissəsinin idxal olunması qiymətlərin formalaşmasında xarici amillərin rolunu artırır. Logistika xərclərinin yüksəlməsi, beynəlxalq bazarlarda qiymət artımı və valyuta məzənnəsindəki dəyişikliklər bu sahədə əsas təsiredici faktorlar sırasındadır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, uşaq qidalarının bahalaşmasının əsas səbəblərindən biri onların idxal məhsulu olmasıdır.
"İdxal qiymətləri artdıqca, uşaq qidalarının da qiyməti yüksəlir. Bu prosesdə manatın ucuzlaşması da mühüm rol oynayır. Belə ki, manatın idxal olunan ölkələrin valyutalarına nisbətdə dəyər itirməsi idxal qiymətlərinin artmasına səbəb olur. Bundan əlavə, ümumi inflyasiya da qiymətlərə təsir göstərir. 2025-ci ildə ərzaq məhsullarının qiymətində 7%-dən çox artım müşahidə olunub və bu kontekstdə uşaq qidalarının da bahalaşması qaçılmazdır. Digər mühüm məqam isə bazarda rəqabətin kifayət qədər güclü olmamasıdır".
Ekspert bildirib ki, bazarda məhdud sayda idxalçı fəaliyyət göstərir və bu da qiymətlərin yüksək formalaşmasına təsir edir.
"Eyni zamanda, istehlakçıların brendlərə bağlılığı və keyfiyyətə yüksək həssas yanaşması qiymət rəqabətini zəiflədir. Yəni, müəyyən brendlərə yüksək loyallıq onların qiymətləri artdıqda belə alternativlərə keçidi məhdudlaşdırır və nəticədə bazarda qiymət təzyiqi formalaşmır. Təbii ki, yerli məhsul bolluğu və ya idxalın coğrafiyasının genişlənməsi qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər. Lakin yalnız yerli istehsalın formalaşmasının avtomatik olaraq ucuzlaşmaya gətirib çıxaracağını düşünmək düzgün deyil. Çünki uşaq qidaları bazarı nisbətən kiçikdir və bu sahədə effektiv istehsal qurmaq çətin ola bilər".
Əfsanə Kamal Demokrat.az


