Avto

Gölməçə olan yollarda maşın sürməyin! — 10 min manata qədər xərci var

Gölməçə olan yollarda maşın sürməyin! — 10 min manata qədər xərci var

Bakıda yağan güclü yağışlar küçələrdə suyun yığılmasına səbəb olub, nəticədə yollarda nasaz vəziyyətdə qalan avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bir çox sürücü hərəkət zamanı çətinliklə üzləşib, bəzi nəqliyyat vasitələri isə birbaşa suyun içində dayanaraq sıradan çıxıb.

Ustalar belə hava şəraitində xüsusilə alçaq avtomobillərlə riskli ərazilərə daxil olmağın ciddi nəticələr doğura biləcəyini bildirir. Məsələ təkcə mühərrikin dayanması ilə bitmir, sonradan daha ağır və bahalı nasazlıqlar üzə çıxa bilər.

Usta Sahil Ağabəylinin sözlərinə görə, bu cür hallarda zərər bəzən minlərlə manatla ölçülür. Mühərrikə su keçməsi ayrı-ayrı detalları yox, bütövlükdə sistemi sıradan çıxara bilir. Belə vəziyyətlərdə sürücülər ən azı 1000-2000 manatdan başlayan, bəzi hallarda isə 10 min manata qədər çatan xərclə üzləşir. Risk yalnız daxili yanma mühərrikli avtomobillərlə məhdudlaşmır, son illər sürətlə yayılan hibrid, plug-in hibrid və elektromobillər üçün də su basmış yollarda hərəkət əlavə təhlükə yaradır.

Sürücülərə məsləhət görülür ki, suya düşmüş avtomobili zorla işə salmağa çalışmasınlar. Dərin sudan keçdikdən sonra qəribə səslər, titrəmə və ya xəbərdarlıq işıqları müşahidə olunarsa, texniki baxışa müraciət etmək vacib sayılır. Əks halda, ilkin baxışda xırda görünən problem qısa müddətdə daha böyük xərclərə səbəb ola bilər.(xezer xeber)

Demokrat.az

NE
Nihadə Eyyubova