Papua-Yeni Qvineyanın Yeni İrlandiya bölgəsində minlərlə dəniz canlısının qısa müddətdə ölməsi ciddi narahatlıq yaradıb.
Demokrat.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, sahillərə kütləvi şəkildə ölü balıqların çıxması və əhalinin səhhətində problemlərin yaranması fonunda təcili tədbirlər görülüb. Bu çərçivədə bölgədə balıq və digər dəniz məhsullarının istehlakı müvəqqəti olaraq qadağan edilib, balıqçılıq fəaliyyəti dayandırılıb.
Bildirilib ki, hadisədən sonra yüzlərlə insan, o cümlədən uşaqlar müxtəlif sağlamlıq şikayətləri ilə üzləşib. Bu səbəbdən əhaliyə dənizlə təmasdan uzaq durmaq tövsiyə olunub.
Mütəxəssislər kütləvi ölümün səbəblərini araşdırır. İlkin ehtimallar arasında suyun kimyəvi çirklənməsi, zəhərli yosunların (alg) sürətlə artması və digər ekoloji faktorlar göstərilir. Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.
Hazırda bölgədə monitorinq və araşdırmalar davam etdirilir. Rəsmi qurumlar əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
Leyla Demokrat.az


