ABŞ–İran qarşıdurmasının kəskinləşməsi fonunda qlobal diplomatiyada yeni siyasi xəttlərin formalaşdığı müşahidə olunur. Müxtəlif dövlətlərin bu qarşıdurmada fərqli mövqelər tutması beynəlxalq münasibətlər sistemində yeni bloklaşma ehtimallarını gündəmə gətirir. Bu proses xüsusilə Yaxın Şərqdə güc balansının dəyişməsi və regional ittifaqların yenidən formalaşması baxımından diqqətlə izlənilir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, o, ABŞ ilə İran arasında yaranan qarşıdurma fonunda qlobal diplomatiyada yeni siyasi xəritə və ya tam formalaşmış bloklaşmanın meydana çıxdığını düşünmür.
"Faktiki olaraq İran uranın zənginləşdirilməsi prosesini davam etdirən, ballistik raket istehsalını artıran və nüvə silahına sahib olmağa çalışan bir ölkə kimi tanınır. Bundan əlavə, regionda proksi qüvvələr vasitəsilə digər ölkələrə təsir göstərmək və təzyiq etmək cəhdləri də artıq sirr deyil. Bu təzyiqə məruz qalan ölkələrin bir çoxu isə məhz ABŞ-nin müttəfiqləri və regional tərəfdaşlarıdır. ABŞ da uzun müddətdir bu məsələ ilə bağlı İrana müxtəlif təzyiqlər göstərir və xəbərdarlıqlar edirdi. Görünür, bu təhdidlərə lazımi səviyyədə reaksiya verilmədiyi üçün mövcud gərginlik və proseslər baş verib".
Ekspert bildirib ki, hazırda açıq şəkildə qarşıdurmada üç əsas tərəf görünür: ABŞ, İsrail və İran.
"Döyüşlər və gərginlik əsasən bu tərəflər arasında müşahidə olunur. Əslində ABŞ-ın regionda çoxsaylı müttəfiqləri var, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyə. Lakin bu ölkələr hələ ki, birbaşa müharibəyə qoşulmayıblar. Məsələn, İran tərəfindən müəyyən hücumlar və ya gərginliklər olsa belə, bu ölkələr genişmiqyaslı müharibəyə daxil olmayıblar. Türkiyə də indiyə qədər təmkinli mövqe nümayiş etdirir, baxmayaraq ki, müəyyən təhlükələr və raket hücumları ilə bağlı risklər gündəmə gəlib. Əgər real və sərt qütbləşmə olsaydı, bu ölkələrin dərhal müdaxilə etməsi mümkündür. Eyni zamanda ABŞ-nin Avropadakı müttəfiqləri də, yəni qərb ölkələri hələ ki, vahid koalisiya şəklində İrana qarşı hərbi müdaxiləyə qoşulmayıblar".
Onun sözlərinə görə, İran tərəfinə baxdıqda isə müəyyən siyasi dəstəyin Rusiya və Çin tərəfindən göstərildiyini görmək mümkündür.
"Lakin bu, o demək deyil ki, sabah İrana qarşı genişmiqyaslı hərbi müdaxilə olarsa, bu ölkələr mütləq şəkildə İranı hərbi olaraq müdafiə edəcəklər. Şərq blokunda əsas problem odur ki, vahid ideoloji və hərbi birlik mexanizmi formalaşmayıb. Bu səbəbdən mövcud vəziyyəti üçüncü dünya müharibəsi kimi qiymətləndirmək də doğru deyil. Çünki üçüncü dünya müharibəsinin baş verməsi üçün iki böyük qütb və həmin qütblər arasında genişmiqyaslı müharibə olmalıdır. Hazırda isə daha çox asimmetrik xarakterli qarşıdurma müşahidə olunur. Bu, müasir dövrdə tez-tez rast gəlinən müharibə formasıdır və klassik mənada total müharibə kimi də qiymətləndirilmir".
Politoloq bildirib ki, nəticə etibarilə, burada tam və açıq şəkildə formalaşmış iki blokdan danışmaq çətindir.
"Açıq səviyyədə qarşıdurmada üç əsas ölkə görünür, lakin pərdəarxasından müəyyən siyasi və diplomatik dəstəklər mövcuddur. Ümumilikdə desək, İranı daha çox Rusiya və Çin dəstəkləyir, ABŞ-ı isə əsasən qərb bloku – Avropa ölkələri və regionda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi tərəfdaşlar dəstəkləyir. Lakin bu dəstək birmənalı və birbaşa hərbi müdaxilə səviyyəsində deyil. Məsələnin əsas mahiyyəti də məhz bundadır".
Əfsanə Kamal Demokrat.az


