Finlyandiyadakı Turku Universitetinin alimləri boğaz xərçənginin müalicəsində gözlənilməz bir kəşfə imza atıblar. Araşdırmalar göstərib ki, səs tellərinin hərəkətini imitasiya edən vibrasiya, xüsusilə xəstəliyin gec mərhələlərində şişin zərərli təsirini azalda bilir.
Demokrat.az-ın məlumatına görə tədqiqat çərçivəsində 200 xəstədən götürülmüş nümunələr üzərində təcrübələr aparılıb. Alimlər xüsusi bioreaktordan istifadə edərək xərçəng hüceyrələrinə musiqi və müxtəlif səslər vasitəsilə vibrasiya təsir ediblər. Məlum olub ki, bu proses şişin böyüməsinə və inkişafına səbəb olan "YAP" adlı zülalın səviyyəsini aşağı salır.
Təcrübə zamanı o da aşkarlanıb ki, toxumaların sərtləşməsinə səbəb olan zülalların yüksək aktivliyi xəstəlik üçün daha ciddi risk yaradır. Araşdırma komandası bu zülalın fəaliyyətini dayandıran yeni bir dərman üzərində də işləyir.
Bu kəşf xərçəngin biomekanikasının öyrənilməsində yeni mərhələ sayılır. Alimlər gələcəkdə bu mexanizmin ağciyər xərçəngi kimi digər hərəkətli toxumalarda yaranan xərçəng növlərinə də tətbiq olunub-olunmayacağını araşdırmağı planlaşdırırlar.
İsmayıl Demokrat.az


