Novruz bayramı münasibətilə Dənizkənarı bulvar ərazisində ziyarətçilər üçün xüsusi bayram məkanı yaradılıb.
Demokrat.az xəbər verir ki, bu dəfə tərtibatda daha müasir və dinamik üslub seçilib, baharın gəlişini və Novruz ruhunu ifadə edən dekorativ elementlərdən geniş istifadə olunub.

Məkan parkın ümumi estetikasına uyğun şəkildə qurulub. Burada Novruz atributları, yenilənmə və baharı simvolizə edən müxtəlif dekorativ elementlər yerləşdirilib, ərazi mövsümi güllər və çiçəklərlə bəzədilib. Tərtibat zamanı əsas məqsəd ziyarətçilərin məkana daxil olan kimi baharın təravətini hiss etmələrini təmin etmək olub. Bu səbəbdən ərazidə çiçəklərlə zəngin kompozisiyalar yaradılıb, baharın rəngarəngliyini əks etdirən detallar tətbiq edilib.

Eyni zamanda Novruz ənənələrini və bahar ovqatını əks etdirən xüsusi fotokünclər də hazırlanıb. Ziyarətçilər burada xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından yaşaya biləcəklər.


Son illər Dənizkənarı bulvar ərazisində təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanmasına xüsusi önəm verilir. Bu istiqamətdə görülən işlərin əsas məqsədi hər yeni layihənin əvvəlkilərlə müqayisədə daha müasir və cəlbedici olmasıdır. Bu il də qurulan bayram guşəsi ziyarətçilərə Novruz sevincini və baharın təravətini hiss etdirməyi hədəfləyir.

Əfsanə Kamal Demokrat.az


