Rusiyada cütlüklər arasında maraqlı araşdırma aparılıb. "VK Video" platformasının keçirdiyi sorğu nəticəsində məlum olub ki, iştirak edənlərin 40 faizi serialın növbəti bölümlərinə sevgilisi olmadan tək baxır. Rəyi soruşulanların 23 faizi isə bu hərəkəti birbaşa xəyanətə bərabər tutur. Baxmayaraq ki, iştirakçıların 30 faizi hər zaman birlikdə izləməyə çalışır, çoxları qarşı tərəfin boş vaxtını gözləmək istəmir.
Demorkat.az-ın məlumatına görə cütlüklərin ayrı-ayrı baxma səbəbləri müxtəlifdir. Bəziləri həyat yoldaşının həmin seriala maraq göstərmədiyini, digərləri isə vaxt azlığını bəhanə gətirir. Həmçinin izləmə sürətinin fərqli olması da tək baxmağa rəvac verən amillərdən hesab olunur. Psixoloqların rəylərinə əsasən bu cür kiçik detallar münasibətlərdə güvən məsələsinə təsir edə bilir.
Sorğuda iştirak edənlərin 64 faizi bir məqamda həmfikirdir. Onlar hesab edir ki, birlikdə film və ya serial izləmək münasibətləri daha da möhkəmləndirir. Bu vərdiş tərəflər arasında ortaq mövzuların yaranmasına və vaxtın daha səmərəli keçməsinə kömək edir. Hadisələrin gedişatı göstərir ki, texnologiya əsrində xəyanət anlayışı artıq rəqəmsal platformalara da sirayət edib.
Aytən Demokrat.az


