Sağlamlıq Özəl

Arıqlama iynələri xərçəngə səbəb olur, ya yox? — AÇIQLAMA

Arıqlama iynələri xərçəngə səbəb olur, ya yox? — AÇIQLAMA

Dietoloqlar və onkoloqlar arasında göbəkdən vurulan arıqlama iynələrinin təhlükəsizliyi ilə bağlı fikir ayrılığı diqqət çəkir. Bir tərəfdən diyetoloqlar bu iynələrin onkoloji xəstəlik riskini artıra biləcəyini bildirir, çünki bəzi tərkib maddələrinin uzun müddətli istifadəsi sağlamlıq üzərində mənfi təsir yarada bilər. Digər tərəfdən isə bəzi onkoloqlar və endokrinoloqlar iynələrin bədəndə insulin dirəncini qıraraq arıqlama prosesini sürətləndirdiyini və düzgün tətbiq olunduqda ciddi risk daşımadığını iddia edirlər. Mütəxəssislər arasında bu mövzu həm həkimlərin, həm də arıqlama prosedurlarına maraq göstərən vətəndaşların diqqətini çəkir və təhlükəsizlik, effektivlik və sağlamlıq təsirləri baxımından geniş müzakirələrə yol açır.

Onkoloq Tahir Tahirov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda bu preparatların birbaşa xərçəng törətdiyini sübut edən güclü elmi dəlil yoxdur:

“Lakin bu, onların tamamilə risksiz olduğu anlamına gəlmir. Çünki bəzi arıqlama iynələri maddələr mübadiləsinə və hormonal sistemə təsir göstərir. Xüsusilə insulin dirənci və insulin səviyyəsi hüceyrə bölünməsi mexanizmləri ilə əlaqəlidir. Uzun müddət yüksək insulin səviyyəsi bəzi xərçəng növləri üçün risk faktoru hesab olunur. Əgər preparat insulin balansını normallaşdırırsa, bu, nəzəri olaraq riski azalda da bilər. Amma süni müdaxilənin uzunmüddətli nəticələri hələ tam öyrənilməyib. Klinik tədqiqatların çoxu qısamüddətlidir və illərlə davam edən müşahidələr kifayət deyil. Xüsusilə ailəsində onkoloji xəstəlik olan şəxslər daha ehtiyatlı olmalıdır”.

O bildirib ki, hər bir preparatın tərkibi fərqlidir və hamısını eyni kateqoriyada qiymətləndirmək düzgün deyil:

“Bəzi iynələr lokal təsir göstərir, bəziləri isə sistemik hormonal təsirə malikdir. Sistemik təsir göstərən dərmanlarda risk qiymətləndirilməsi daha ciddi aparılmalıdır. Özbaşına və həkim nəzarəti olmadan istifadə ən böyük təhlükədir. Arıqlama məqsədilə tibbi göstəriş olmadan hormonal preparatlardan istifadə məsləhət deyil. Obezliyin özü də bir sıra xərçəng növləri üçün risk faktorudur və bu da balanslı yanaşma tələb edir. Ən doğru yol həyat tərzi dəyişikliyi ilə birlikdə həkim nəzarətində müalicə planıdır. Bu iynələrin xərçəng riskini artırdığı qəti sübut olunmayıb, lakin uzunmüddətli təhlükəsizliyi barədə ehtiyatlı yanaşmaq və fərdi tibbi qiymətləndirmə aparmaq vacibdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova