“Martın 5-i İran tərəfindən Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisinə atılmış iki dron İran molla rejiminin sözün əsl mənasında riyakarlığını və eyforiyada olduğunun bir işarəsidir. Azərbaycan indiyə qədər İranın qeyri-adekvat, riyakar siyasətinə baxmayaraq bütün gücünü səmimi qonşuluq siyasətinə və qarşılıqlı etimada söykənən siyasət həyata keçirib. Biz 90-cı illərin əvvəllərini unutmamışıq. Birinci Qarabağ müharibəsi dövründə İranın yürütdüyü çox vicdansızcasına siyasət, Şuşanın işğal olunması ilə bağlı olan məsələləri unutmamışıq. Azərbaycanın torpaqları işğal altında olanda separatçılarla əlbir işlərini unutmamışıq. Ermənistana verdiyi dəstəyi unutmamışıq. İranda yaşayan 40 milyona yaxın Azərbaycan türkünün hüquqlarını əlindən aldığını unutmamışıq”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
O qeyd edib ki, orada olan azərbaycanlıların məktəbləri, mədəniyyət mərkəzləri bağlanılıb, öz dillərində danışmaqla bağlı problemlər mövcuddur:
“Folklorlarını, mədəniyyətlərini, tarixlərini unutdurmağa çalışıb bu rejim. Bir də bütün bunları Vətən müharibəsi dövründə gördük ki, İran hansı cildlərə girdi. Bütün gücünü səfərbər etməyə çalışdı ki, Azərbaycanın əks-hücumunun, Azərbaycanın torpaqlarını azad eləmək üçün mübarizəsinə əngəl olsun. Bacarmadı, Azərbaycan mövqeyini ortaya qoydu. Sonrakı hal isə artıq Azərbaycanın qələbəsini həzm etməyən bu rejim Azərbaycan səfirliyinə xaincəsinə terror hücumu törətdi. Alçaqcasına dövlət də buna bir növ seyriçi oldu. Saatlarla, bir saata yaxın terrorçunun ərazidə qalması, Azərbaycanın qəhrəman igid oğlunun onu əliyalın silahlı terrorçunu tərksilah etməsi, terrorçunun çox rahat şəkildə ərazidə gəzməsi və bir nəfər də olsun hüquq-mühafizə orqanının, İran polisinin ora yaxınlaşmaması açıq-aydın bu təxribatın, terrorun arxasında dövlətin dayandığını göstərir. Bütün bunlara baxmayaraq yenə də Azərbaycan Prezidenti Xudafərin körpüsünü dostluq və qardaşlıq körpüsü adlandıraraq İrana jest etdi. İranın başında böyük hadisələr - müharibə, ABŞ və İsrailin İrana hücumları və burda da Azərbaycan ləyaqətli davranış sərgilədi. Azərbaycan Prezidenti Xarici İşlər Nazirliyinə tapşırıq verdi, Xarici İşlər naziri İran Xarici İşlər nazirinə zəng etdi, ölənlərə başsağlığı verildi. Prezident İran Prezidentinə məktub yazdı və heç bir prezidentin etmədiyi jesti edərək İran səfirliyinə gedib orda başsağlığını rəsmən imzaladı”.
Deputat bildirib ki, bu, Azərbaycan Respublikasının müstəqil siyasət keçirdiyini, milli maraqlarının onun üçün prioritet olduğunu göstərdi:
“Həm də qonşularına çətin günlərdə dəstək olduğunu göstərdi və tərəfləri yalnız sülhə çağırdı. Bu mənada ölkəmizin, ölkə prezidentimizin bu mövqeyi düşünürdük ki, İran tərəfindən tarix boyu unudulmaz və bu gün nəyi gördük? Xain, düşməncəsinə, riyakarcasına, alçaqcasına Azərbaycana dron atılır, insan yaralanır. Və artıq ölkə başçımız Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı və xüsusi tapşırıqlar verildi. Artıq İran Xarici İşlər naziri Azərbaycan Xarici İşlər nazirinə zəng etdi, təəssüfünü bildirsə də, Azərbaycan İrandan mənasız və təəssüf doğuran fikirlər yox, konkret adekvat addımlar gözləyir. Rəsmi Tehran rəsmən üzr istəməlidir. Bu məsələdə olanlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. İran tərəfi bir də belə şeyləri etməyəcəyinin zəmanətini verməlidir. Əks halda Azərbaycan tədbirlər görmək hüququnu özündə saxlayır və cənab Prezidentin dediyi kimi, İran unutmasın ki, "Dəmir Yumruq" yalnız Ermənistanla bağlı, onların başına çırpılan o yumruq yalnız orda işləmir. "Dəmir Yumruq" həmişə yerindədir və İran Azərbaycanın gücünü də bilir, Azərbaycan xalqının yumruq halında Ali Baş Komandan ətrafında birləşməsini də bilir. Belə məsələlərlə, belə təxribatlarla, terror hərəkətləri ilə İran Azərbaycana heç bir təsir göstərə bilməz”.
Həmçinin oxu: Dedikləri düz çıxan Çin 'Nostradamus'undan İranla bağlı gözlənilməz proqnoz Çox adamın notbuklarda fikir vermədiyi işarə — 20 manata satırlar Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? — Bu şirkətlər bağlana bilər
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Leyla Turan Demokrat.az


