Siyasət Özəl

İranın Naxçıvanı vurma səbəbi bilindi

İranın Naxçıvanı vurma səbəbi bilindi

İran rejiminin pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan hava limanına hücum etməsi regionda gərginliyi pik həddə çatdırıb. Siyasi şərhçi Asif Nərimanlı baş verən hadisəni təhlil edərkən bu təxribatın iki əsas hədəfə xidmət etdiyini bildirib. Onun sözlərinə görə molla rejimi bu addımı ilə müharibəni regional müstəviyə yaymaq niyyəti güdür.

Demokrat.az xəbər verir ki, İran region ölkələrində mülki obyektləri, o cümlədən hava limanlarını, enerji infrastrukturunu və otelləri hədəfə alaraq döyüş arealını genişləndirməyə çalışır. Tehran hesab edir ki, bu yolla ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlara qarşı müxalif mövqeyi gücləndirə bilər. Əsasən Körfəz ölkələrinə təzyiq edən İranın Türkiyə və Azərbaycana qarşı hücumları müharibəni Yaxın Şərqdən bizim regiona köçürmək planının tərkib hissəsi kimi qiymətləndirilir.

Strateji nöqtə sayılan Naxçıvan hava limanının vurulması Azərbaycana qarşı birbaşa təhdid xarakteri daşıyır. Asif Nərimanlı diqqəti maraqlı məqama çəkərək qeyd edib ki, hücum Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsindən və dini liderin ölümü ilə bağlı başsağlığı verməsindən cəmi bir gün sonra baş verib. Bu fakt molla rejiminin real mahiyyətini bir daha üzə çıxarır. Ekspert vurğulayıb ki, mövcud hakimiyyət təkcə İran xalqı üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova