Kriminal Özəl

Arvadım dedi ki, uşaq sənin deyil, səndən kişi olmayacaq, mən də döydüm

Arvadım dedi ki, uşaq sənin deyil, səndən kişi olmayacaq, mən də döydüm

Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Cavid həyat yoldaşı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavid hadisə günü həyat yoldaşına zəng edib və birgə nikahdan olan övladını dənizə aparmaq istədiyini bildirib.Amma Nazilə ərinin bu təklifinə rədd cavabı verib.

Daha sonra Cavid bu məsələ ilə bağlı telefon danışığı zamanı aralarında mübahisə yarandıqdan qısa müddət sonra Nazilənin işlədiyi dövlət qurumlarından birinin Mingəçevir şəhərində olan idarəsinə gəlib. O, bır qədər əvvəl telefon danışığı zamanı aralarında baş verən, şəxsi münasibətlər zəminində yaranmış mübahisəni dövlət qurumunun inzibati binasında da davam etdirib. Daha sonra Cavid yumruqla arvadının baş və üz nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, məlum hadisə günü təxminən saat 18:20-də arvadı Naziləyə zəng edib, uşaqları dənizə aparacağını bildirib: “Nazilə isə uşaqların xəstə olduğunu, onları aparmağa icazə verməyəcəyini, ondansa kreditlərini ödəməli olduğumu bildirdi. Habelə müxtəlif bəhanələrlə uşağı mənə verməyəcəyini, mənim uşağım olmadığını, uşaqları mənə göstərməyəcəyini bildirdi. Bu sözlərdən sonra möhkəm qəzəbləndim. Pulu başqa yerlərə xərcləyəcəyimi, ona bir qəpikdə olsun pul verməyəcəyimi, öz həyatımı yaşayacağını dedim. Bu zaman Nazilə telefonu üzümə söndürdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra əsəbləşərək arvadının işlədiyi iş yerinə gedib və içəri daxil olduqdan sonra arvadı ayağa qalxaraq səs-küy salıb: “Nazilə qışqıraraq, mənim rədd olub getməyimi, məndən kişi olmayacağını, gedərək öz həyatını yaşamağımı bildirdi. Bu sözlərdən sonra hisslərimi cilovlaya bilmədim. Nazilə qapıdan çölə çıxarkən qışqırdığı zaman qapının yanında yumruqla bir dəfə onun alın nahiyəsinə vurdum. Zərbənin təsirindən onun alnı çapıldı. Bundan sonra orada olan işçilər mənə etdiyim hərəkətlərin ayıb olduğunu bildirdi, getməyimi məsləhət gördülər. Mən də oradan getdim. Bundan sonra arvadım ilə əlaqə saxlamadım”.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Cavid 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Mingəçevir şəhərinin hüdudlarını tərk etməsi, həmçinin Mingəçevir şəhərində yerləşən yaşayış yerini bu müddətdə hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub.

Bundan əlavə ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova