Siyasət Özəl

Söyüşün “azadlıq” maskası: Mənəviyyatı hədəf alanlar (ŞƏRH)

Söyüşün “azadlıq” maskası: Mənəviyyatı hədəf alanlar (ŞƏRH)

“Söz və fikir azadlığı demokratik cəmiyyətlərin əsas sütunlarından biridir və bu hüquq hər kəs üçün təmin olunmalıdır. İnsanların fərqli mövqelərdən çıxış etməsi, tənqidi düşüncələrini bölüşməsi və ictimai proseslərə münasibət bildirməsi normal və hətta zəruridir. Lakin bu azadlıq heç vaxt söyüşə, təhqirə, ədəbsizliyə və sistemli şəkildə nifrət dili yaymağa bəraət qazandıra bilməz. Xüsusilə də bu cür davranışlar günlərlə, aylarla davam edənkontent strategiyasınaçevrildikdə, artıq söhbət fikir azadlığından deyil, ictimai təhlükədən gedir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış jurnalist Arif Əliyev deyib. O bildirib ki, belə yanaşmalar cəmiyyətin ümumi mənəvi mühitinə ciddi zərbə vurur:

“Söyüş və təhqir dili təkcə ayrı-ayrı şəxsləri hədəfə almır, bütövlükdə xalqın mentalitetinə, ictimai münasibətlər sisteminə və psixoloji sağlamlığına mənfi təsir göstərir. Cəmiyyətin aqressivləşməsi, normal dialoq mədəniyyətinin sıradan çıxması və nifrət üzərində qurulan müzakirələrin normallaşması uzunmüddətli perspektivdə çox təhlükəli nəticələr doğura bilər. Digər tərəfdən, bu proseslər hüquqi müstəvidə də ciddi risklər yaradır. İctimai qınağın və özünütənzimləmənin zəif olduğu hallarda, dövlətlər adətən daha sərt qanuni mexanizmlərə əl atmaq məcburiyyətində qalırlar. Yəni, bu gün “sərhədsiz ifadə azadlığı” adı altında yol verilən ədəbsizliklər sabah daha ciddi məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər. Bu isə sonda elə həmin azadlıqların özünün zərər görməsi ilə nəticələnir. Xüsusilə özlərini bloqer və ya “media nümayəndəsi” adlandıran, lakin ölkə xaricində qalaraq toxunulmazlıq hissi ilə hər cür ifadəyə yol verən şəxslər bu məsuliyyəti daha dərindən dərk etməlidirlər”.

Onun sözlərinə görə, coğrafi məsafə nə etik məsuliyyəti, nə də ictimai təsiri aradan qaldırır:

“Əksinə, geniş auditoriyaya çıxışı olan bu şəxslərin söylədikləri cəmiyyətdə daha böyük dalğalar yaradır. Söyüş və ədəbsizlik heç bir siyasi mövqeyə görə haqq qazandırıla bilməz. İstər hakimiyyətə qarşı olsun, istər müxalif mövqedən səslənsin bu cür ifadələr birmənalı şəkildə qəbuledilməzdir və cəmiyyət tərəfindən açıq şəkildə rədd edilməlidir. Təəssüf ki, hazırda bu istiqamətdə yetərli ictimai reaksiya müşahidə olunmur. Ayrı-ayrı fərdlərin etirazı olsa da, ümumi və prinsipial ictimai mövqe formalaşmır. Halbuki məhz ictimai reaksiya bu cür halların qarşısını alan ən effektiv mexanizmlərdən biridir. Cəmiyyət susduqda və ya laqeyd qaldıqda, boşluq yaranır və həmin boşluğu daha sərt inzibati və hüquqi alətlər doldurur. Bu isə nəticə etibarilə həm fərdlər, həm də cəmiyyət üçün daha ağır nəticələrə səbəb ola bilər”.

Xatırladaq ki, sosial şəbəkələrdə “söyüş bloqeri” kimi tanınan şəxslər arasında adları tez-tez hallananlar Tural Sadıqlı və Qabil Məmmədovdur. Onların paylaşımlarında canlı yayımlar zamanı təhqir, söyüş və aqressiv ifadələrdən istifadə etməsi diqqət çəkir. Bu tip bloqerlər adətən mübahisəli çıxışlar edir, digər sosial media istifadəçilərini hədəfə alır, qalmaqallı mövzular üzərindən izləyici toplamağa çalışırlar. Bəzi hallarda şəxsi münasibətlərin, qarşıdurmaların və ya sosial problemlərin kobud üslubda müzakirəsi onların əsas kontent xəttini təşkil edir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova