Bakının Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Əhəd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 5-də baş verib. Füzuli rayon sakini Əhəd həmin gün, gecə saat 02:00-da yaşadıqları evin yataq otağında olarkən arvadı İlhamə ilə mübahisə edib. Bu zaman sifətinin sol tərəfindən üç dəfə şillə vurub, ona xəsarətlər yetirib.
Əhədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İlhamə ilə 2013-cü ildə rəsmi ailə qurub, bu evlilikdən 2 qız övladları dünyaya gəlib: “Hər bir ailədə olduğu kimi bizim də ailəmizdə söz-söhbətlər olub. Lakin son zamanlar aramızda tez-tez mübahisə və münaqişələrimiz yaranıb. Bunun əsas səbəbi İlhamə mənə hörmət göstərməməsi, mənimlə kobud rəftar etməsi olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 5-də, gecə saat 02:00-da yaşadıqları evin qonaq otağında yemək yediyi zaman İlhaməyə sual versə də, o, onunla soyuq danışaraq suallarına cavab verməyib:
“İlhamədən mənə niyə cavab verməməsini soruşdum. O, isə masadan qalxaraq cavab vermədən yataq otağına getdi. Mən də onun arxasınca yataq otağına yollandım. İrada olarkən İlhamədən nə üçün belə soyuq münasibət göstərməsini soruşdum. Bu zaman mənimlə uca səslə danışaraq mübahisə etməyə başladı. Mən İlhaməyə asta səslə danışmalı olduğunu və mənə hörmət etməli olduğunu izah etsəm də, kobud cavablar verməyə davam etdi. İlhamənin bu hərəkətlərindən sonra əsəblərimi cilovlaya bilmədim, 3 dəfə sifətinin sol tərəfinə şillə zərbəsi endirdim. Daha sonra yenə də sözlü mübahisə etsək də, mən yatdım. Səhər İlhamənin məndən polisə şikayət etməsini bildim. Daha sonra 17-ci polis şöbəsinə dəvət edildim”.
Zərərçəkmiş İlhamə isə ifadəsində ərindən fərqli danışıb, ərinin ona hörmət qoymadığını deyib: “Hər bir ailədə olduğu kimi ailəmizdə söz söhbətlərimiz olub. Lakin son zamanlar aralarında tez-tez mübahisə və münaqişələr etmişik. Bunun əsas səbəbkarı isə Əhədin mənimlə kobud rəftarı və mənə xəyanət etməsi ilə bağlı olub. Hadisə vaxtı, gecə saat 02:00-da yaşadığımız evin qonaq otağında yemək yediyimiz zaman Əhəd mənə yersiz suallar verməyə və sözlər deməyə başladı. Əhədin bu yersiz sual və sözlərinə əhəmiyyət vermədim. O, daha da qəzəblənməyə başladı. Əhədin qəzəbləndiyini gördüyüm üçün masadan duraraq yataq otağına getdim. O, da arxamca yataq otağına gəldi və yataq otağında sözlə mübahisə edən zaman gözləmədiyim anda 3 dəfə sifətimin sol tərəfinə şillə vurdu”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Əhəd 1000 manat miqdarında cərimə edilib.
Fariz Məlikli Demokrat.az


