Cəmiyyət Özəl

Bakı küçələrində gizli nəzarət mexanizmi işə düşüb — Qayda pozanlar cərimələnir

Bakı küçələrində gizli nəzarət mexanizmi işə düşüb — Qayda pozanlar cərimələnir

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasında azalma cəmiyyətdə maraq doğurur. Bu dinamikanın səbəbləri cərimələrin sərtləşdirilməsi, texnoloji nəzarətin artması, yoxsa sürücülərin davranışındakı dəyişiklikdir?

Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, Avropa və inkişaf etmiş ölkələrdə qayda və qanunların ciddi şəkildə qorunmasının əsas səbəbi güclü nəzarət mexanizmləridir:

“Bu ölkələrdə nəzarətin müxtəlif formaları tətbiq olunur və texnologiyanın inkişafı ilə yeni metodlar ortaya çıxıb. Müşahidə kameraları, radarlar, süni intellekt əsaslı sistemlər, bunların hamısı nəzarət mexanizminin bir hissəsidir və cəzaların qaçılmaz olmasını təmin edir. Məhz buna görə sürücülər, sərnişinlər və ümumilikdə vətəndaşlar qayda pozuntularından çəkinirlər. Tarixən də belə olub: cəzasızlıq olan yerdə qayda pozuntuları daha çox olur.”

Ekspert əlavə edib ki, son dövrlərdə şəhərlərdə, əsas yollarda və ara küçələrdə müşahidə kameralarının və radarların artması pozuntuların aşkar edilməsini və protokolların tərtibini asanlaşdırır. Bu isə vətəndaşları qanunlara əməl etməyə təşviq edir və müəyyən mənada məcbur edir.

“Bəzən cərimələrin çoxluğundan narazılıq səslənsə də, qayda və qanunların olmadığı mühitdə daha böyük problemlərin yaranması qaçılmazdır. Effektiv nəzarət sistemlərinin işləməsi qayda-qanunun təmin olunmasının əsas şərtidir və bu istiqamətdə atılan addımlar müsbət qiymətləndirilməlidir”, - o qeyd edib.

Qeyd edək ki, texnologiya və nizam-intizamın birləşməsi şəhər yollarında təhlükəsizliyi artırmaqla yanaşı, vətəndaş davranışlarını da formalaşdırır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova