İqtisadiyyat Özəl

Ev almaq istəyənlərin nəzərinə — Qiymətlər dəyişə bilər

Ev almaq istəyənlərin nəzərinə — Qiymətlər dəyişə bilər

Son zamanlar əmlak bazarında qiymətlərin artdığı müşahidə olunur. Bazarda dolların məzənnəsinin yüksələcəyi təqdirdə evlərin qiymətinin iki dəfə artacağı ilə bağlı iddiaların səsləndiyi bildirilir. Bu ehtimalın nə dərəcədə real olduğu isə müzakirə mövzusu olaraq qalır. Ümumilikdə, mənzil qiymətlərinin hansı şərtlər daxilində enə biləcəyi ilə bağlı müxtəlif fikirlərin irəli sürüldüyü qeyd olunur.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, 2015-2016-cı illər devalvasiya dövrü idi:

“O zaman dolların məzənnəsi bildiyimiz kimi 78 qəpikdən kəskin şəkildə qalxaraq 1.70 manata, hətta müəyyən dövrlərdə 2 manata yaxınlaşmışdı. Bu prosesə cavab olaraq bəzi şəxslər daşınmaz əmlaklarının qiymətlərini məzənnə artımına mütənasib şəkildə, hətta iki dəfə artırdılar. Lakin zaman keçdikcə əmlak bazarında gözlənilən ucuzlaşma baş vermədi. Əksinə, qiymətlər yüksək səviyyədə qaldı. Təxminən 6 ay ərzində bazarda yaranmış qeyri-stabillik və anlaşılmazlıq tədricən aradan qalxdı. Nəticədə alqı-satqılar əvvəlki kimi manatla aparılmağa başladı və qiymətlər də buna uyğun şəkildə formalaşdı. Yəni, dolların bahalaşması və ya ucuzlaşması uzunmüddətli perspektivdə daşınmaz əmlak sektorunda ciddi qiymət dəyişikliyinə səbəb olmadı. Qısa müddətdə bazarda müəyyən qarışıqlıq yarandı: kimisi qiymətləri qaldırdı, kimisi isə daha tez satmaq üçün endirim etdi. Ancaq 2-3 ay ərzində bazar stabilləşdi. Başqa sözlə, Azərbaycan daşınmaz əmlak bazarı artıq bu cür təcrübədən keçib”.

Ekspert qeyd edib ki, dolların məzənnəsindəki dəyişikliklər uzunmüddətli perspektivdə əmlak sektorunda ciddi qiymət fərqi yaratmır. Həmin dövrdə bəzi şəxslərin qiyməti qaldırdığını, bəzilərinin isə təcili satış üçün endirim etdiyini xatırladan Azadov qısa müddətdən sonra alqı-satqının yenidən manatla sabitləşdiyini vurğulayıb. Onun fikrincə, bazarın bu cür dalğalanmalara qarşı müqaviməti artıq formalaşıb.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova