Siyasət Özəl

"Vardanyanın 20 il azadlıqdan məhrum edilməsi haqqın və hüququn təntənəsidir" — Deputat

Vardanyanın 20 il azadlıqdan məhrum edilməsi haqqın və hüququn təntənəsidir — Deputat

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bu barədə Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi də daxil olmaqla digər ağır maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində açıq məhkəmə iclası yekunlaşıb:

“Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərar bir daha göstərir ki, Azərbaycan dövləti qanunun aliliyini hər şeydən üstün tutur. Son 30 il ərzində Ermənistan dövləti və onun formalaşdırdığı separatçı rejimin “yüksək vəzifəli şəxsləri” Azərbaycan dövləti və xalqı əleyhinə ağır cinayətlər törədiblər. Bu cinayətlərin miqyası son dərəcə böyükdür. Söhbət ilk növbədə hərbi cinayətlərdən, insanlıq və bəşəriyyət əleyhinə törədilmiş əməllərdən, soyğunçuluqdan və terrorçuluq fəaliyyətindən gedir. Dünyanın bütün hüquqi sistemlərində bu tip cinayətləri törətmiş şəxslər ən ağır cəzalara məhkum olunurlar. Erməni mənşəli bir sıra şəxslər də Bakı Hərbi Məhkəməsinin qərarı ilə ömürlük və ya uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları alıblar. Yeri gəlmişkən, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri ərəfəsində Ermənistanda müxtəlif cəhdlərin şahidi olundu. ABŞ-dəki erməni lobbiləri və diaspor təşkilatları əlaqələndirilmiş fəaliyyətə keçərək, Ermənistan daxilində vətəndaş cəmiyyəti institutlarını, hətta dini dairələri belə prosesə cəlb etməyə çalışdılar. Məqsəd ondan ibarət idi ki, Bakıda bu məsələlər gündəmə gətirilsin və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasına nail olunsun. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birmənalı şəkildə bildirdi ki, bu şəxslər hərbi, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törədiblər. Prezident bu prosesi Nürnberq məhkəmələri ilə müqayisə edərək qeyd etdi ki, faşist cinayətkarları mühakimə edildikdən qısa müddət sonra onların əfv edilməsi necə mümkün deyildisə, eyni yanaşma bu cinayətlərə də şamil olunmalıdır. Hətta vurğulandı ki, törədilən cinayətlərin ağırlığı faşistlərin əməllərindən belə geri qalmır”.

O bildirib ki, bu baxımdan verilən hökm ədalətin, haqqın və hüququn təntənəsidir:

“Hazırda Ermənistanda Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə hələ də məsuliyyətə cəlb olunmamış şəxslər keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və digərləri bilməlidirlər ki, gec-tez onlar da məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu, sadəcə zaman məsələsidir. Ruben Vardanyan kimi şəxslər uzun müddət hesab edirdilər ki, maliyyə imkanları, beynəlxalq lobbilər və xarici dəstək onları xilas edəcək. Lakin bu mümkün deyil. Çünki bu gün güclü Azərbaycan dövləti, güclü siyasi iradə və möhkəm hüquqi sistem mövcuddur. Hər kəs törətdiyi cinayətlərə görə mütləq şəkildə cəzasını alacaq və burada heç bir əfvdən söhbət gedə bilməz”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova