"Apple" yeni nəsil məhsul təqdimatlarına saylı günlər qalmış mövcud məhsul portfelində yenilənməyə başlayıb. Bəzi iPhone, iPad və Mac modellərində stoklar kritik səviyyəyə çatıb və yaxın günlərdə satışdan tamamilə çıxarılacağı gözlənilir.
Demokrat.az xəbər verir ki, satışdan çıxarılacaq modellər arasında keçən ilin fevralında “büdcə dostu” variant kimi təqdim olunan iPhone 16e yer alır. Cihazın stokları tükəndiyi üçün Apple onu endirimlə satmaq əvəzinə tamamilə siyahıdan çıxarmağa qərar verib. Yerinə daha güclü iPhone 17e modelinin gələcəyi bildirilir.
Tablet sahəsində də dəyişikliklər var. M3 prosessorlu iPad Air modeli stokları tükənmək üzrədir və M4 prosessorlu yeni versiyaya yer açacaq. Mağazalardakı stok çatışmazlığı gələcək lansmanın əlaməti kimi qiymətləndirilir.
2022-ci ildən bəri yenilənməyən giriş səviyyəli Studio Display monitoru da satışdan çıxarılacaq məhsullar sırasındadır. Monitorun fiziki və onlayn mağazalardakı mövcudluğu minimuma düşüb və yenilənmiş versiyası fevral-sonu və ya martın əvvəlində təqdim ediləcək.
MacBook Pro istifadəçiləri üçün isə əsas yenilik M5 Pro və M5 Max prosessorlarının təqdimatıdır. M4 Pro və M4 Max modellərində tədarük problemləri yaşandığı üçün Apple birbaşa M5 çiplərinə keçəcək. Bloomberg-in məlumatına görə, üst səviyyə MacBook Pro modelləri martın əvvəlində ən yeni M5 arxitekturası ilə satışa çıxacaq.
İsmayıl Demokrat.az


