“İdrak” liseyində hadisəni törədən şəxs 10-cu sinif şagirdi olduğundan, onun hüquqi və etik məsuliyyəti müzakirə mövzusudur. Belə hallarda yalnız uşağın özü deyil, silahın əldə olunmasında rol oynayan yetkin şəxslər də məsuliyyət daşıyır. Bu hadisə məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin, həmçinin uşaqların travmatik vəziyyətlərdə qorunmasının vacibliyini göstərir.
Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, “İdrak” liseyində müəllimi güllələyən məktəbli 10-cu sinifdə oxuduğu üçün artıq hüquqi məsuliyyətə cəlb oluna bilər.
Məsələnin ən düşündürücü tərəfi şagirdin odlu silaha necə və haradan çıxış əldə etməsidir. Vəkil qeyd edir ki, burada ox həm də həmin silahın sahibinə və ya onu uşağın əliçatanlığına qoyan şəxslərə yönəlir.
"Hadisə insan sağlamlığına ciddi zərər vurmaqla xarakterizə olunduğundan, uşaq 1 ilədək azadlıqdan məhrum edilmə cəzası ala bilər. Eyni zamanda, silahın məktəblinin əlinə keçməsində məsuliyyət daşıyan şəxslər də cinayət məsuliyyətinə cəlb edilə bilər. Onların alacağı cəzanın miqdarı hadisənin təfərrüatlarından asılıdır və dəqiq demək çətindir".
Vəkil deyib ki, hər bir halda bu şəxslərin məsuliyyət daşıması qaçılmazdır.
"Belə hallarda hüquqi və etik prinsiplər çərçivəsində məsuliyyətin düzgün müəyyənləşdirilməsi əsasdır. Hadisənin araşdırılması həm uşağın, həm də ətrafdakı yetkinlərin rolunu aydınlaşdırmağa xidmət edir", - deyə o bildirib.
Hadisənin hüquqi tərəfi qədər, yaratdığı sosial travmanın fəsadları da dərindir. İndi əsas diqqət istintaqın gələcəyi nəticələrə və təqsirkar tərəflərin alacağı cəzaya yönəlsə də, bu hadisə məktəblərdə metal detektorlardan daha çox, şagirdlərin daxili dünyasına nəzarətin vacibliyini xatırlatdı. Atılan güllə təkcə bir müəllimi hədəf almadı, həm də təhsil mühitindəki güvən hissini zədələdi. Görünən odur ki, bu mövzu hələ uzun müddət həm məhkəmə zallarında, həm də valideyn iclaslarında ən ağrılı müzakirə obyekti olaraq qalacaq.
Əfsanə Kamal Demokrat.az


