Cəmiyyət

Həmin evlərə "kupça" almaq olmur

Həmin evlərə kupça almaq olmur

Azərbaycanda daşınmaz əmlakla bağlı ən çox sual doğuran mövzulardan biri də rəsmi çıxarışı olmayan yaşayış evləridir. Xüsusən də uzun illər əvvəl inşa edilmiş, dəfələrlə alınıb-satılmış, lakin hüquqi sənədləşməsi aparılmamış tikililərin gələcək statusu minlərlə insanı narahat edir. Bu baxımdan vətəndaşları düşündürən əsas sual var: sənədsiz evlər üçün sonradan çıxarış əldə etmək olur?

Demokrat.az xəbər verir ki, əmlak eksperti Elnur Azadov metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın ərsəyə gəlməsi müvafiq qanunvericiliklə tənzimlənir. Yəni hər hansı tikili inşa olunmazdan əvvəl onun layihələndirilməsi və təsdiqi prosesi həyata keçirilməlidir. Burada isə müxtəlif məqamlar mövcuddur:

“Məsələn, əgər söhbət yeni tikilidən, xüsusilə də çoxmənzilli binadan gedirsə, həmin binanın mütləq istismara qəbul aktı olmalıdır. Bina Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul edildikdən sonra çıxarışın verilməsi ilə bağlı adətən problem yaranmır. İstisna hal odur ki, əgər binanın istismara qəbul aktı yoxdursa, bu halda çıxarışın verilməsi də mümkün olmur”.

E.Azadov qanunsuz tikililərlə bağlı məsələyə də diqqət çəkib:

“Belə evlər kifayət qədərdir və onların çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsi bağlamaq da mümkün olmur. Bu isə vətəndaş üçün ciddi problemlər yaradır, yəni qeydiyyata düşə bilmir, hüquqi baxımdan çətinliklərlə üzləşir. Bu halda çıxarışın alınması üçün gecdir. Əgər fərdi evin layihə sənədləri vaxtilə aidiyyəti dövlət qurumlarında təsdiqlənibsə və tikinti normativlərə uyğun şəkildə aparılıbsa, müvafiq quruma müraciət etməklə çıxarış almaq mümkündür. Yox, əgər tikili qanunsuz inşa edilibsə, bu halda çıxarış yalnız məhkəmə qaydasında, əsaslar olduğu təqdirdə əldə edilə bilər”.

Əgər yaşadığınız evin sənədi yoxdursa və o, rəsmi layihə əsasında tikilməyibsə, siz həmin evi nə notarial qaydada sata, nə də orada rəsmi qeydiyyata düşə bilərsiniz. Çıxarışın olmaması həm də gələcəkdə ərazidə hər hansı dövlət layihəsi həyata keçirilərsə, kompensasiya almaq prosesində hüquqi boşluqlar yarada bilər. Odur ki, məhkəməyə müraciət etməzdən əvvəl tikilinin norma və standartlara cavab verdiyindən əmin olmaq lazımdır.

Demorkat.az

NE
Nihadə Eyyubova