Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 4-də rayonun Məmmədli kəndində baş verib.Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Malik həmin gün saat 16 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Sona (adlar şərtidir – red.) ilə maddi vəziyyətlərinin yaxşılaşdırılmasından ötrü taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil almaq məqsədi ilə yaranmış fikir ayrılığı ilə bağlı mübahisə edib.Ailə daxili məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə zamanı əsəbiləşən ər arvadının üzərinə hücum edib. O, şillə ilə arvadının qulaq, baş nahiyyəsinə vurub.Habelə əli ilə qadının boğaz nahiyəsindən sıxaraq onu boğmağa cəhd edib, həmçinin yumruq, təpiklə bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirib.
Hadisəni törədən Malikin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Malik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Sona ilə ailə həyatı qurub, birgə nigahdan 3 övladı var:
“Sona ilə əvvəllər münasibətlərimiz normal olub. Son vaxtlar isə həm maddi çətinliklərlə bağlı, eyni zamanda qısqanclıq zəminində mübahisələrimiz yaranıb. Sona mənə gələn zəngləri izləyir, zəng edən şəxslərlə maraqlanır, məni qısqanırdı. Martın 4-də, saat 15-16 radələrində evdə olarkən işləmədiyim üçün aramızda mübahisələrimiz yarandı. Sona mənə heç bir yerdə işləmədiyimi, evə qazanc gətirmədiyimi bildirdi. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğum üçün Sonaya “anama zəng et, mənə bir qədər köməklik etsin, özüm üçün ilkin ödənişlə avtomobil alım və taksi fəaliyyəti ilə məşğul olaraq ailəmizi dolandırım” sözlərini dedim. Lakin Sona sözlərim ilə razılaşmadı. Mənə dedi ki, öz anandır, özün ondan pul istə”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra mübahisələri daha da kəskinləşib: “Əsəbiləşərək Sonanın üzərinə getdim, əlim ilə onun boğazından tutaraq itələdim. Sonra isə Sonanın sol qulaq nahiyəsindən şillə ilə zərbə vurdum. Bundan sonra sakitləşərək evdən getdim. Sona əvvəlcə həkimə, sonra isə anasının evinə getdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sonanın onun barəsində şikayət etdiyini görüb: “Həmin vaxtdan sonra yaşadığım evə getməmişəm. Sona ilə heç bir əlaqəm olmayıb. Sonanın hər hansı bir formada öldürməklə hədələməmişəm. Bu barədə onun dedikləri yalandır”.
İş üzrə ifadə verən Sonanın sözlərinə görə, son vaxtlar həyat yoldaşı Maliklə aralarında tez-tez mübahisələri olub: “Məni fahişəliklə məşğul olmaqla şərləyir, şər və böhtan atırdı. Hadisə günü, saat 16 radələrində yaşadığım evdə olarkən anasından pul alaraq ona verməyimi, o da həmin pulla özünə avtomobil almaq istədiyini dedim. Mən də özünün anasından pul istəməsini bildirdim. Bu zəmində Maliklə aramızda mübahisələrimiz yarandı. Mübahisə vaxtı Malik üzərimə gələrək sifətimin sol nahiyəsindən əli ilə zərbə vurdu. Sonra isə əliylə boğazımdan tutaraq sıxdı, ardınca qollarımdan tutaraq kənara itələdi. Daha sonra əl və təpiklə bədənimin müxtəlif nahiyyələrindən vuraraq məni döydü. Baş vermiş hadisə zamanı sol qulağımdan qan axmağa başladı. Hazırda eşitmə qabiliyyətim zəifləyib”.
Zərərçəkmiş bildirib ki, həmin vaxt Maliklə mübahisənin daha da kəskinləşəcəyini görüb və yaşadığı evdən çıxaraq Yeni Günəşli qəsəbəsinə valideyinlərinin yaşadığı evə gedib:
“Malikdən şikayət etmək niyətində olmamışam. Növbəti gün, saat 18 radələrində yaşadığım evə qayıtdıqdan sonra Malik bunu bildi və zəng edərək hədələdi. Mən də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək şikayət etdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Məhkəmə hökm çıxaran zaman bu halı nəzərə alıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, o, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


