Cəmiyyət Özəl

İşıq dirəklərindən asılmış yol nişanları... — Ekspertdən XƏBƏRDARLIQ

İşıq dirəklərindən asılmış yol nişanları... — Ekspertdən XƏBƏRDARLIQ

Yol hərəkətinin təhlükəsizliyi hər birimiz üçün prioritetdir. Yol nişanlarının düzgün quraşdırılması və saxlanılması yalnız müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Lakin bəzi hallarda insanlar işıq dirəyinə və ya yol nişanlarına müdaxilə edərək istiqaməti dəyişdirirlər.

Bəs, bu cür davranışlar qanunidirmi?

Mövzu ilə bağlı Demokrat.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, yol nişanlarının quraşdırılması yolun ilkin tikintisi zamanı AYDA tərəfindən həyata keçirilir. Yəni, yeni yol tikilərkən layihədə bu nişanlar nəzərdə tutulur və aidiyyəti qurumlarla razılaşdırılır, sonra isə yerinə quraşdırılır.

Ekspert bildirib ki, yol istismara verildikdən sonra isə bu nişanların quraşdırılması və saxlanılması işlərini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir.

Ekspert qeyd edib ki, nişanların düzgün quraşdırılmasını və saxlanmasını yalnız onlar təmin edir:

"Bu baxımdan, başqa bir qurumun bu işi görməsi düzgün deyil. Həmçinin, fərdi şəxslərin və vətəndaşların özbaşına nişan asması və ya quraşdırması da qanunsuz və təhlükəlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə işıq dirəyinə vurulan yol nişanı müzakirələrə səbəb olub.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova