Bakının Xəzər rayonunda 2008-ci il təvəllüdlü Ağsu rayon sakini Mərdan sevdiyi qızın nişanlısı Kənana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, yetkinlik yaşına çatmayan Səidənin valideynləri tərəfindən 18 yaşı tamam olduqda Kənanla nişanlayacaqlarını bilib.
Bundan sonra Kənanla telefonla danışıb, Səidəni özü sevdiyini və ondan ayrılmasını dəfələrlə tələb etsə də, Kənan bundan imtina edib.
Bu səbəbdən Mərdan ötən ilin fevralın 20-də, saat 20:30-da Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində yerləşən marketin yaxınlığında Kənanla görüşüb, ondan yenidən Səidə ilə ayrılması tələb edib. Bu zaman Kənan onun tələbinə etiraz edərək ünvanına təhqiramiz ifadələr işlədib. Buna görə onların aralarında şəxsi münasibətlərin pozulması səbəbindən qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı Kənanı cəzalandırmaq niyyəti ilə kəsici-deşici təsirə malik bıçaqla onun qarın nahiyyəsindən qəflətən vurub.
Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü axşam Kənanla görüşüb, aralarında mübahisə yaranıb: “Kənanın məni pis vəziyyətə salacağından qorxdum və özümü müdafiə etmək üçün belə bir hadisə törətdim. Mən belə bir hadisənin yaşanmasını istəməmişəm. Sadəcə zərərçəkmiş şəxsi qorxutmaq istəmişəm”.
Zərərçəkmiş Kənanın sözlərinə görə, Səidə ilə qohum və nişanlı olublar: “Səidə məktəbdə oxuduğuna görə, yaşının tamam olmasını gözləmişik. Mən Bakıda işləmişəm. Təqsirləndirilən Mərdan mənə “votsap” vasitəsilə yazdı və hadisə günü biz görüşdük. Görüşən zaman Mərdan mənə Səidəni sevdiyini dedi və bilmədən mənə xəsarət yetirdi”.
İş üzrə şahid qismində ifadə verən Səidənin sözlərinə görə, Mərdan ilə bir məktəbdə oxuyub, orda tanış olublar və bir-birilərini seviblər: “Nənəm uşaqlıqdan mənə deyib ki, səni Kənan ilə evləndirəcəm. Kənanın babası ilə mənim nənəm bacı-qardaşdırlar. Mən bu barədə Mərdana dedim. O, da qarşı çıxaraq “belə olmaz” dedi. Mən isə ona “nə edə bilərəm” dedim. Sonra Mərdan Kənanla görüşüb, söhbət ediblər. Mən Kənana “mənim sevdiyim oğlan var, bizim münasibətimiz alınmaz, biz niyə zorla bir yerdə olaq ki?” deyə sual eymişəm. Kənan isə məni istədiyini cavab verib. Mərdanı sevdiyimi Kənan atası, anası, bacısı da bilib. Mən Kənana demişəm ki, sənin ailən də mənim başqasını sevdiyimi bilir, sən məni necə qəbul edəcəksən? O, isə “mən prinsipə səni alacam” dedi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. O, 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.
Fariz Məlikli Demokrat.az


