Gündəm Özəl

ABŞ-Azərbaycan münasibətləri yeni, daha strateji bir mərhələyə qədəm qoyur — Deputat

ABŞ-Azərbaycan münasibətləri yeni, daha strateji bir mərhələyə qədəm qoyur — Deputat

“ABŞ-Azərbaycan münasibətləri son bir ildə müşahidə olunan əməkdaşlıq dinamikasını 2026-cı ildə də davam etdirir. 2026-cı ilin ilk günlərində Azərbaycan Prezidenti ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, tərəflər arasında münasibətlərin daha da dərinləşməsi məqsədilə bir sıra məsələlər müzakirə olunub:

“Nümayəndə heyətinin tərkibində iki senator Silahlı Qüvvələr Komitəsini, iki senator isə Milli Gəlirlər Komitəsini təmsil edirdi. Daha bir senator isə demokrat idi. Bu da göstərir ki, müzakirə edilən məsələlərin spektri geniş və çoxtərəfli olub. Ötən ilin avqust ayında ABŞ və Azərbaycan arasında "Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Çərçivəsi" yaradılıb. Bu çərçivə hərbi, iqtisadi və kommunikasiya sahələrində əməkdaşlığı əhatə edir. Lakin bu razılaşmaların tam reallaşması üçün ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin tamamilə aradan qaldırılması vacibdir”.

O deyib ki, müzakirələrdə bu məsələ də masaya qoyulub və qərar qəbul ediləcək mərhələyə doğru daha bir addım atılıb:

“907-ci düzəliş vaxtilə Azərbaycana qarşı ədalətsiz şəkildə qəbul olunmuşdu və bu, iki ölkə arasında innovasiya, müasir texnologiyalar və intellektual əməkdaşlıq imkanlarını əngəlləmişdi. Bütün bu müsbət addımlar onu göstərir ki, ABŞ-Azərbaycan münasibətləri yeni, daha strateji bir mərhələyə qədəm qoyur. Bu yeni mərhələ Cənubi Qafqazda güc balansının dəyişməsinə və Azərbaycanın milli maraqları ilə üst-üstə düşən bir reallığın formalaşmasına xidmət edir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova