“Hazırkı mərhələdə sülh müstəvisində təşəbbüskarlıq əsasən rəsmi Bakının əlində cəmlənib və bu, Azərbaycanın regional reallıqlara uyğun, nəticəyönümlü siyasət apardığını göstərir. Ermənistan isə hələ də daxili siyasi qeyri-sabitlik, qərarsızlıq və xarici aktorlara həddindən artıq güvən səbəbindən vahid və aydın mövqe ortaya qoya bilmir”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, İrəvan üçün əsas vəzifə emosional və revizionist yanaşmalardan imtina edərək, Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa əsaslanan şərtləri qəbul etməkdir:
“Sülh prosesində vaxt uzatmaq Ermənistanın maraqlarına deyil, əksinə onun regional təcridini daha da dərinləşdirə bilər. Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilən razılaşmalara gəldikdə isə, əsas ziddiyyətlər bu sənədlərin mahiyyəti və məqsədi ilə bağlıdır. Aİ daha çox Ermənistanı öz siyasi təsir dairəsində saxlamaq, Rusiyanın regiondakı rolunu zəiflətmək və Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək niyyəti güdür. Ermənistan isə bu dəstəyi bəzən təhlükəsizlik zəmanəti kimi təqdim etməyə çalışır ki, bu da reallıqla uzlaşmır. Çünki Aİ-nin nə hərbi, nə də hüquqi baxımdan İrəvana konkret təhlükəsizlik təminatı vermək imkanı yoxdur”.
O deyib ki, bu ziddiyyət Ermənistanın gözləntiləri ilə Avropa İttifaqının real imkanları arasında ciddi fərqin olduğunu göstərir:
“Ermənistan üçün ən rasional yol xarici siyasi illüziyalardan uzaqlaşıb, birbaşa Bakı ilə danışıqlara fokuslanmaq və regionda formalaşmış yeni siyasi-hərbi reallıqları qəbul etməkdir. Yalnız bu halda davamlı sülh və iqtisadi inkişaf üçün real zəmin yarana bilər”.
Leyla Turan Demokrat.az


