Bakının Pirallahı rayonunda 1993-cü il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tamaraya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 30 may 2025-ci ildə baş verib. Taleh həmin gün saat 23:30-da yaşadıqları mənzilin həyətində həyat yoldaşı Tamara ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, Tamaranın sifət nahiyəsinə şillə zərbəsi ilə qəsdən vurub.
Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Taleh bildirib ki, Tamara ilə beş ildir ailə qurub, birgə nikahdan 1 azyaşlı uşaqları var: “Ailə qurandan münasibətlərimiz həmişə yaxşı olub. Hadisə günü gələndən sonra Tamara ilə yemək yeyəndə spirtli içki qəbul etdik. Saat 23:30-da Tamara siqaret almaq üçün mağazaya getmək istədi. Mən onu mağazaya getməyə qoymayanda aramızda mübahisə yarandı. Tamara mağazaya getmək istəyəndə şillə ilə onun sol sifət nahiyəsinə vuraraq xəsarət yetirdim. Tamara evə girəndən sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq şikayət etdi”.
Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Taleh 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin yaşadığı ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


