Gəncə şəhərində 52 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin H. Əliyev prospektində baş verib.
1973-cü il təvəllüdlü Toğrul arvadı Zülfiyyə ilə ailə münasibətləri zəminində mübahisə edib.
Aralarında baş vermiş mübahisə zamanı o, arvadını yumruqla qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Toğrulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2008-ci ildə Zülfiyyə ilə rəsmi qaydada ailə həyatı qurub və birgə nikahdan bir övladları anadan olub:
“Sözügedən hadisə baş verən gün yaşadığım evdə olarkən Zülfiyyədən qızımızın harada olmasını soruşdum. O, mənə yüksək səslə cavab verməsindən əsəbiləşdi, yataq otağında yumruqla onun sol qulaq nahiyyəsinə qəsdən vurdum. Ondan sonra kənara çəkildi və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hadisə barədə məlumat verdi. Hadisə zamanı evdə bizdən başqa yalnız atam olub”.
Bu işə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


