“Son zamanlar dərsliklərlə bağlı narahatlıqlar artır və bu narahatlıqlar həm valideynlər, həm müəllimlər, həm də şagirdlər tərəfindən açıq şəkildə səsləndirilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov bildirib.

O deyib ki, əsas problem dərsliklərin dilinin ağır, mövzuların isə həddindən artıq mürəkkəb olması ilə bağlıdır:
“Burada söhbət dərsliklərin proqramdan çıxarılmasından deyil, onların daha anlaşılan və əlçatan formaya salınmasından gedir. Keyfiyyətli tədris üçün dərslik vacibdir, amma bu dərsliklər şagirdlərin yaş səviyyəsinə, anlama bacarığına və psixoloji hazırlığına uyğun hazırlanmalıdır. Hazırkı vəziyyətdə dərsliklərin dili çox akademikdir və şagirdlərin rahat başa düşməsi üçün uyğun deyil. Mövzular yüklüdür və nəzəri hissə çoxluq təşkil edir. Praktik və həyati nümunələrin azlığı dərslərin maraqsız alınmasına səbəb olur. Bu səbəblər dərsliklərin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir və əsas məqsəd fənni sadələşdirmək yox, onu daha aydın şəkildə çatdırmaqdır”.
Deputat qeyd edib ki, dərsliklərin dili sadələşdirilməli, terminlər izah olunmalı, mövzular daha vizual və interaktiv şəkildə təqdim edilməlidir:
“Həyatla bağlı nümunələr artırılmalı və şagirdlərin yaş səviyyəsinə uyğun metodik materiallar əlavə olunmalıdır. Təhsilin keyfiyyətinin yüksəlməsi üçün dərsliklərin müasir tələblərə uyğunlaşdırılması vacibdir və bu proses davamlı şəkildə aparılmalıdır”.
Leyla Turan Demokrat.az


