Gündəm Özəl

Bayram mövsümü yaxınlaşır, qiymətlər ARTIR — Ekspert AÇIQLADI

Bayram mövsümü yaxınlaşır, qiymətlər ARTIR — Ekspert AÇIQLADI

"Azərbaycan xalqının ən geniş şəkildə qeyd etdiyi iki əsas bayram var: Novruz və Yeni il bayramları. Bu bayramlar həm ənənəvi dəyərlərə söykənir, həm də uzunmüddətli tətil dövrünü əhatə etdiyinə görə insanlar tərəfindən xüsusi hazırlıqla qarşılanır. Adətən bu günlər kifayət qədər xərcli olur və ailələr bayrama müəyyən büdcə ayırırlar".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

O, bildirib ki, bayram ərəfəsində insanlar daha çox istirahət etməyə, qidalanmağa, spirtli içkilər qəbul etməyə, müxtəlif əyləncələrə və turizm bölgələrinə səyahətə üstünlük verirlər:

"Tələbatın artması isə təbii olaraq qiymət artımı ilə nəticələnir. Bu dövrdə xüsusilə qida məhsullarında, bəzək əşyalarında, oyuncaqlarda, otel və ictimai iaşə xidmətlərində bahalaşma daha qabarıq görünür".

Ekspert bildirib ki, iqtisadi baxımdan tələb artdıqca qiymətlərin yüksəlməsi normal prosesdir:

"Məsələn, bayram günlərində bir otelin nömrəsi 1000 manata rahatlıqla satılırsa, sahibkar onu 500 manata təklif etməz. Çünki real tələbat mövcuddur və qiymət də məhz bu tələb əsasında formalaşır. Bayram bitdikdən sonra isə adətən “bayram sonrası şok” baş verir, insanlar xərclərini azaltmağa çalışır, nəticədə qiymətlər yenidən sabitləşir".

O, bildirib ki, valyuta məsələsinə gəldikdə isə, manatın sabit və ya güclü olması idxal prosesindəki riskləri azaldır:

"Azərbaycanda istehlak olunan bir çox məhsul, xüsusilə də ərzaq və qida malları dollarla idxal edilir. Manat zəiflədikdə idxal olunan məhsullar daha baha başa gəlir və daxili bazarda da qiymət artımına səbəb olur. Əksinə, manat güclü olarsa, həmin məhsulların maya dəyəri aşağı düşür və bu, daxili bazarda qiymətlərə müsbət təsir göstərir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova