“İranda son günlər müşahidə olunan H3N2 tipli qrip dalğası bölgə üçün ciddi epidemioloji risk yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva deyib.
O qeyd edib ki, Azərbaycanda hazırkı mərhələdə respirator yoluxmalar mövsümi yüksəliş çərçivəsindədir:
“Epidemioloji hədd aşılmayıb. Lakin qonşu ölkədə yoluxma və ölüm faktlarının artması bizdə də dinamikaya nəzarəti gücləndirməyi zəruri edir. Qrip virusu çox sürətlə yayıldığından regional hərəkətlilik risk faktorudur. Azərbaycanda qrip əleyhinə vaksinasiya kampaniyası davam edir və bu, ağırlaşmaların qarşısının alınması üçün əsas müdafiə vasitəsidir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər risk qrupunda sayılır. Bu qrupların təcili şəkildə vaksinasiya olunması tövsiyə edilir. Klinikalara müraciətlərdə temperatur, öskürək və boğaz ağrısı ilə bağlı artım müşahidə olunur, lakin ağırlaşma faizi sabitdir. Hərarət, gücsüzlük və tənəffüs çətinliyi kimi əlamətlər yaranarsa, ev şəraitində gözləmək təhlükəlidir. Erkən diaqnostika həm xəstənin vəziyyətini, həm də yayılma riskini azaltmış olur. Mövsüm ştamlarının daha aqressiv olması ehtimalı səbəbindən özünümüalicə qətiyyən məsləhət görülmür. Sıx məkanlarda maskadan istifadə və əl gigiyenası infeksiyanın ötürülmə ehtimalını azaldır. Vəziyyət nəzarət altındadır, lakin regional faktorlar səbəbindən ayıq olmaq vacibdir”.
Leyla Turan Demokrat.az


