Kriminal Özəl

Bakıda ərindən ayrılmaq istəyən qadın ölümlə hədələndi — TƏFƏRRÜAT

Bakıda ərindən ayrılmaq istəyən qadın ölümlə hədələndi — TƏFƏRRÜAT

Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Emin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Bahara (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birlikdə yaşadıqları mənzildə baş verib. Emin həyat yoldaşı Bahar ilə ailə-məişət münasibətlərinin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsinə yumruq zərbəsi vurub.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Baharla 2017-ci ildə ailə həyatı qurub, birgə nikahdan bir oğlan övladı dünyaya gəlib: “Sözlərimiz düz gəlmədiyi üçün 2019-cu ildə rəsmi olaraq məhkəmə qaydasında ayrıldıq. 2024-cü ilin oktyabr ayında isə barışaraq Nəsimi rayonunda kirayə yaşamağa başladıq. Həmin ev qayınatam Əlinin evinə yaxın yerləşib. Barışdıqdan sonra yüngül söz-söhbətlərimiz olsa da, birgə ailə kimi normal gün keçirmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü işlədiyi kino klubunda olan zaman yoldaşı Bahar uşaqla birlikdə işlədiyi yerə gəlib: “Yoldaşımın və övladımın iş yerimə gəlməsi məni əsəbləşdirdi. Bahardan nə üçün iş yerimə gəldiyini soruşdum. O, da mənə iş yoldaşlarımın yanında təhqiredici söz dedi. Bahara heç nə demədən onları evə yola saldım. Həmin gün saat 23:00-da kirayə yaşadığım evə gəldim. Qayınatam Əlinin də evimdə olduğunu gördüm və o, mənə qızını apardığını bildirdi. Qayınatamdan bunun səbəbini soruşdum. O, da yola getmədiyimiz üçün apardığını dedi. Baharın iş yerimə gəldiyi üçün onu acıladığımı söylədim. Bu zaman Baharla danışaraq söhbət edəndən sonra aparmamasını bildirdim. Qayınatam isə “yox, qızımı indi aparıram” dedi. Bundan sonra qayınatamı evdən qovdum. Baharın uşağı yarıçılpaq şəkildə evdən atasıgilə aparmaq istədiyini gördüm. Buna görə də əsəbləşərək yoldaşımın baş nahiyyəsinə yumruqla bir dəfə vurdum”.

İş üzrə zərərçəkmiş Baharın sözlərinə görə, Eminlə ailə həyatı qurub, birgə nikahdan bir oğlan övladı olub: “Sözlərimiz düz gəlmədiyi üçün ailə qurduqdan iki il sonra rəsmi olaraq məhkəmə qaydasında boşandıq. 4-5 ay sonra Emin gələrək məndən üzr istədi və barışdıq, yenidən birlikdə yaşamağa başladıq. Birlikdə yaşadığımız dövrdə Eminlə aramızda yüngül sözlə mübahisələrimiz oldu”.

Bahar qeyd edib ki, məlum hadisə günü azyaşlı oğlu ilə birlikdə Tarqovuya gəzmək üçün gedib, oradan əri Eminin işlədiyi kinoteatra gediblər: “Bu zaman Emin iş yerindən çıxaraq mənə iş yerinə gəldiyim üçün irad tutdu, iş yoldaşlarının məni görməsini istəmədiyini bildirdi. Buna görə də Eminə iş yeriuni söydüm. O, da mənə söyüş söyərək evə getməyimi dedi. Mən də oğlum ilə birlikdə kirayə yaşadığım evə gəldim”.

Zərərçəkmişin ifadəsinə görə, həmin gün, axşam saatlarında atası Əli onun evinə gəlib və onlara yemək gətirib: “Atamla söhbət zamanı baş verənləri ona danışdım. Atam da Eminə zəng edərək nə üçün ailəsi ilə normal davranmamasının səbəbini soruşdu. O, da atama evə gələndən sonra bu barədə danışacağını dedi Atam da Eminə evdə olduğunu, onu gözlədiyini dedi. Bundan sonra Emin mənə zəng vursa da, telefona cavab vermədim. Saat təxminən 23 radələrində Emin evə gəldi, mətbəxtdən bıçaq götürərək atamın yanına gəldi. Eminə ailəsi ilə normal davranmadığı üçün və küçədə söydüyü üçün ona iradını bildirdi. Emin də atama hər ailədə olan şeydir dedi. Atam da belə ailə olmaz, hörmətli şəkildə ayrılmağımızı bildirdi. Emin də ayrılmayacağını dedi. Atam da ona gedərək maşın gətirəcəyini, qızını və əşyalarını götürərək öz evinə aparcağını söylədi. Emin isə onun arxasınca “nə üçün bizim ailəmizi dağıdırsan” dedi. Mən də Eminə “mən belə ailədə yaşamaq istəmirəm, söz-söhbətdən bezmişəm” dedim. Bu zaman Emin başıma bir dəfə yumruqla vurdu, ayrılacağım halda məni bıçaqla öldürəcəyini bildirdi. Eminin məni bıçaqlamasından qorxdum və oğlumu da götürərək evdən qaçdım, atamın evinə getdim. Eminin arxamca əlində bıçaqla gəlməsini ehtimal etdim. Buna görə də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə onların barışması ilə əlaqədar olaraq xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova