“Prezident İlham Əliyevi şəxsən təbrik etmək şansım olmayıb. İnternet vasitəsilə prezidentin doğum gününü təbrik etmişəm. Qubada bir neçə dəfə görüşlərimiz olub, müzakirələr aparmışıq. O, intellekt səviyyəsi çox yüksək olan ziyalıdır. Dinləməyi bacaran, bütün məsələlərə diqqətlə yanaşan şəxsiyyətdir”.
Demokrat.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
“Prezidentlə təmasda olduqda insan daha çox ona qulaq asmağa can atır. Bilirsiniz, rəhbər vəzifələrdəki şəxslərin əksəriyyətinin qulaq asmaq vərdişi olmur. Amma ölkə başçısı əksinə, daha çox şərait yaradır ki, insan onunla rahat danışıb, problemlərini dilə gətirə bilsin. İstənilən halda, o, Azərbaycanın dövlət başçısıdır. Hər kəs prezidentlə danışdıqda, hətta bəzi məsələləri də qaldırdıqda çalışır ki, problem yüksək səviyyədə həllini tapsın. Hesab edirəm ki, İlham Əliyev kifayət qədər aktiv, təcrübəli dövlət başçısıdır. 16 ildir Azərbaycana rəhbərlıik edir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, dövlətin müstəqilliyinin qorunub, saxlanmasında və digər məsələlərdə əməyi böyük olan şəxsdir. Düzdür, təbriklərimi internet vasitəsilə ünvanlamışam. Amma sizin sayt vasitəsilə yenidən təbrik edirəm, can sağlığı, uzun ömür, ailə səadəti arzulayıram” – V.Əhmədov bildirib. (Modern.az)


