Gündəm Özəl

"Əgər Minsk qrupu yaranmış yeni reallıqlara uyğun olaraq..." — ŞƏRH

Əgər Minsk qrupu yaranmış yeni reallıqlara uyğun olaraq... — ŞƏRH

“Azərbaycan Minsk qrupunun buraxılması məsələsində qalib gəldi. Bunun Azərbaycan üçün ən böyük əhəmiyyəti isə məhz onun buraxılmalı olduğu ilə bağlıdır, yəni, Azərbaycanın ilk gündən ortaya qoyduğu platforma özünü doğrultdu".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, qeyd edib ki, 2021-ci ilin yanvarında, Vətən müharibəsindən bir-iki ay sonra, Minsk qrupunun həmsədri olan ölkələrin ikisinin nümayəndəsi Azərbaycana gəlmişdi:

"Azərbaycan prezidenti ilə görüş zamanı prezident konkret olaraq məsələni qoydu ki, Dağlıq-Qarabağ problemini biz həll etdik. Qarabağ problemini bizim özümüz həll etdikdən sonra sizin bu bölgəyə gəlməyinizin bir anlamı qalmır".

O, bildirib ki, o zaman Prezident İlham Əliyev onlara yeni fəaliyyət missiyası da təklif edib:

"Belə ki, əgər Minsk qrupu yaranmış yeni reallıqlara uyğun olaraq özünə fəaliyyət missiyası qura bilsə, o fəaliyyəti davam etdirə bilər. Konkret məsələlər də açıqladı ki, Minsk qrupu bundan sonra Ermənistanda müharibə tərəfdarlığının mövqeyinin neytrallaşdırılması, revansçıların hakimiyyətə gəlməsinin qarşısının alınması, sülh prosesinə Ermənistanın maneçilik törətməsinin əngəllənməsi və Ermənistanın lüzumsuz silahlandırılmasının qarşısının alınmasında, eləcə də ərazilərin minalardan təmizlənməsində Azərbaycanın lazımi dəstəyini verəcəksə, yeni şəraitdə fəaliyyət göstərə bilər".

Ekspert bildirib ki, çox təəssüf ki, Azərbaycan Prezidentinin verdiyi bu konkret fəaliyyət çərçivəsi Minsk qrupu tərəfindən ciddiyə alınmadı:

"Onlar yeni şəraitdə köhnə formada fəaliyyətlərini davam etdirmək istədiklərinə görə sonda belə bir aqibətlə üzləşdilər. Daha sonra Azərbaycan Prezidenti ətraflı şəkildə Minsk qrupunun buraxılması məsələsini qaldırdı və nəhayət, avqusun 8-də BMT-də iştirakçılarla birgə Minsk qrupunun buraxılması yönündə sənəd imzalandı. Avqustun 8-dən başlayan proses bu gün Minsk qrupunun rəsmi olaraq yuridik şəkildə buraxılması ilə nəticələndi. Bu, Azərbaycanın böyük diplomatik və siyasi qələbəsidir və bir daha göstərir ki, ölkəmiz vətən müharibəsindən sonra sülh prosesi çərçivəsində ortaya qoyduğu təşəbbüslərdə haqlıdır".

Onun sözlərinə görə, Minsk qrupunun buraxılması Azərbaycanın dünyada haqq tələbinin yerinə yetirilməsini göstərir və ölkəmizin nüfuzunu və siyasi mövqeyini gücləndirir:

"Eyni zamanda, buraxılmadan sonra, qrupun sənədlərinin açılması prosesi baş verəcək və buna ciddi ehtiyac var. Minsk qrupunun 30 illik fəaliyyətinin niyə səmərəsiz olduğu ilə bağlı suallar meydana çıxıb və həmin sualların cavabları məhz onun 30 illik fəaliyyətini əks etdirən sənədlərdədir. Minsk qrupunun özünü rəsmən buraxmasından sonra həmin sənədlərin açılması, ictimaiyyətə təqdim olunması və dünyaya yayılması zəruridir. Bütün dünya bir daha görsün ki, Azərbaycanın müharibəyə əl atması zəruri və son addım idi. Azərbaycan Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən müharibəyə əl ataraq öz ərazilik bütövlüyünü təmin etmişdir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova