"İctimai qaydalar, yazılmış və yazılmamış normalar, etik davranış qaydaları var. Bir xalqın milli mənəvi dəyərlərini, dövlət rəmzlərini və şəxsiyyətlərini təhqir etmək, məsuliyyətsizliyi təbliğ etmək, gənclərə zərərli materiallar ötürmək, psixoloji təsir göstərmək kimi hallar internet məkanında geniş yayılıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, bu sahədə faktiki olaraq anarxiya hökm sürür, hər kəs istədiyini edir:
"Mediada bunun qarşısını alan etik kodekslər var, amma sosial şəbəkələrdə vəziyyət nəzarətdən çıxıb. Buna görə də müəyyən cəzalar, xəbərdarlıqlar, cərimələr və məhdudiyyətlər tətbiq olunmalıdır.
Bu hallar sağlam cəmiyyətin formalaşmasına maneə olur. Uşaqların və gənclərin psixologiyasına təsir göstərilir, milli mənəvi dəyərlərə zidd davranışlar yayılır, tarixi şəxsiyyətlər təhqir olunur, dövlətçilik prinsiplərinə zərbə vurulur. Bu, artıq təhlükəli vəziyyət yaradır".
Ekspert deyib ki, cərimələr daha effektlidir:
"Belə hallarda həbs tətbiqi məqbul olmasa da, inzibati məsuliyyət çərçivəsində cərmələr nəticə verir. İnsanlar cəza olduğunu görsələr, bu addımlardan yayınarlar. Cəmiyyət də belə şəxslərə və kanallara dəstək verməməlidir. Abunə olmaq, baxış sayını artırmaq onların nüfuz və gəlir qazanmasına şərait yaradır. Belə kanallar boykot edilməli, sağlam məzmun təqdim edən səhifələr və ziyalılar dinlənilməlidir. Bəzi dəyərlər toxunulmazdır. Cəmiyyətin milli mənəvi dəyərlərinə, faydasız və zərərli təbliğata qarşı mütləq mübarizə aparılmalıdır".
Qeyd edək ki, sosial şəbəkələrdə qeyri-etik hərəkət edənlər "xırda xuliqanlıq" maddəsi ilə məsuliyyətə cəlb olunacaq.
Əfsanə Kamal Demokrat.az


