Gündəm Özəl

"Türk dövlətlərinin informasiya siyasəti geosiyasi reallıqlara uyğun qurulmalıdır" — ŞƏRH

Türk dövlətlərinin informasiya siyasəti geosiyasi reallıqlara uyğun qurulmalıdır — ŞƏRH

"Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin yeddinci toplantısı bir çox məqamlar baxımından mühüm platformadır və böyük əhəmiyyətə malikdir. Türk dövlətləri və xalqları arasında əməkdaşlığın, inteqrasiyanın güclənməsi ilə bağlı rəsmi səviyyədə geniş işlər görülür. Bunun nəticəsidir ki, TDT bir platforma olaraq artıq dünyanın siyasi sistemində özünəməxsus yer tutur".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

"Bizim xalqlar eyni milli mənsubiyyətin, dilin və mədəniyyətin təmsilçiləridir. Təbii ki, vətəndaş cəmiyyətləri arasında həm rəsmi, həm də qeyri rəsmi formatda əlaqələrin dərinləşməsi xalqlarımızın daha tez və çevik inteqrasiyasında mühüm rol oynayacaq. Bu istiqamətdə əsas vəzifələrdən biri medianın üzərinə düşür. Türk dövlətlərinin informasiya siyasəti və strategiyası müasir geosiyasi reallıqlara uyğun qurulmalıdır".

O bildirib ki, TDT-nin media və informasiya sahəsinə cavabdeh nazirlərin və yüksəkvəzifəli rəsmilərin iştirakı ilə keçirilən toplantının əsas məqsədlərindən biri vahid informasiya strategiyasının qurulması, əməkdaşlığın güclənməsi və platformanın dinamik fəaliyyətinin təmin edilməsidir:

"Bu platforma kommunikasiya siyasəti, ortaq dəyərlərin formalaşması və müasir dünyada informasiya təhlükəsizliyinə qarşı birgə fəaliyyət üçün vahid mövqedən çıxış etməyə imkan verir.

Hazırda informasiya təhlükəsizliyinin qorunması müasir dövrdə ən zəruri məsələlərdən biridir. Bu toplantı media strukturları arasında əlaqələri və məlumat mübadiləsini gücləndirəcək".

Onun sözlərinə görə prosesin uğuru eyni zamanda media qurumlarımızın və jurnalistlərin inkişafına müsbət təsir göstərəcək:

"Peşəkarlığın, xəbərə yanaşmanın və informasiya əldə etmək bacarıqlarının artmasına təkan verəcək. Qarşılıqlı media təcrübələri öyrəniləcək.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin bu toplantısı türk dövlətləri və xalqları arasında inteqrasiyanı dərinləşdirməklə yanaşı, informasiya sahəsində əməkdaşlığı gücləndirəcək və media mühitinin inkişafına mühüm töhfə verəcək. Xüsusilə türk dünyası üçün vacib olan vahid informasiya strategiyasının qurulması qlobal informasiya sistemində daha güclü mövqeyə və çevik təmsilçiliyə imkan yaradacaq".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova