“Bu ilin yanvar-oktyabr aylarında aqrar ixracın artması ilk növbədə kənd təsərrüfatı sektorunun istehsal gücünün yüksəldiyini göstərir. İstehsalçı üçün bu, daha geniş bazar, daha çox gəlir deməkdir”.
Bunu iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, xaricə satışdan əldə olunan valyuta kənd təsərrüfatı müəssisələrinin investisiya imkanlarını artırır:
“Bununla da məhsuldarlığın artması və kənd yerlərində məşğulluğun yaxşılaşması müşahidə oluna bilər. Lakin ixracın artmasının daxili bazara iki yönlü təsiri var. Əgər istehsal həcmi ixrac artımını qarşılamaq üçün kifayət qədər yüksəlirsə, daxili bazarda məhsul çatışmazlığı yaranmır və qiymətlər stabilliyini qoruyur. Əksinə, istehsal eyni saxlanıb, ixrac payı böyüyürsə, bazarda təklif azalır. Bu da xüsusilə meyvə-tərəvəz, taxıl və bəzi sənaye emalı məhsullarında qiymət artımı ilə nəticələnə bilər. Bu göstəricilər o deməkdir ki, ixrac real sektorun fəallaşmasına səbəb olub, amma paralel olaraq daxili bazarda balansın saxlanması üçün dövlətin monitorinqi vacibdir. Əks halda, ixrac gəlirləri artsa da, yerli alıcının aldığı məhsul daha bahalaşa bilər”.
Leyla Turan Demokrat.az


