Kriminal Özəl

Gəncədə bıçaqlanma faktları artır — Problemin kökü haradadır?

Gəncədə bıçaqlanma faktları artır — Problemin kökü haradadır?

“Gəncədə təkrarən baş verən bıçaqlanma faktları göstərir ki, zorakılıq artıq məişət və sosial davranış forması kimi normallaşmağa başlayır”.

Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu, təkcə cinayət statistikası deyil, həm də cəmiyyətin psixoloji durumunun göstəricisidir:

“İnsanlar problem həllini dialoq və hüquq çərçivəsində deyil, güc və aqressiya ilə reallaşdırmağa meyllənirlər. Ailə institutunun zəifləməsi də konfliktlərin daha sərt nəticələnməsinə səbəb olur. Küçə mədəniyyətinin və şiddətin sosial şəbəkədə qəhrəmanlaşdırılması gənclərin düşüncəsinə təsir edir. Hüquqi məsuliyyət hissinin yetərincə formalaşmaması isə bu kimi hadisələrə cəsarət verir. Universitetlərin mövcudluğu da problemi avtomatik həll etmir, çünki təhsil bilik verir, lakin davranış və dəyər formalaşdırmaq daha geniş ictimai proses tələb edir. Psixoloji dəstək, gənclər üçün sosial layihələr, alternativ məşğuliyyət imkanları zəifdirsə, şiddət özünü daha tez göstərir. Cəmiyyətin bu siqnalları görməməzlikdən gəlməsi təhlükəni daha da böyüdə bilər. Ona görə də həm hüquqi, həm sosial, həm də təhsil yönümlü tədbirlər paralel şəkildə gücləndirilməlidir. Çünki zorakılığı təkcə hüquq-mühafizə ilə yox, düşüncə dəyişimi və dəyər tərbiyəsi ilə önləmək mümkündür”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova