Hadisə Özəl

Salyanda 41 yaşlı kişi arvadını və qayınanasını döydü — TƏFƏRRÜAT

Salyanda 41 yaşlı kişi arvadını və qayınanasını döydü — TƏFƏRRÜAT

Salyan rayonunda 1984-cü il təvəllüdlü Camal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınanası Fəridəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

Hadisə günü Camal həyat yoldaşı Samirənin aparmaq üçün qayınanasının evinə gəlib.

Bu zaman Samirə əri ilə öz evlərinə getməkdən imtina edib və bu zaman onların arasında mübahisə yaranıb. Qayınananın mübahisəyə qoşulması sonda dava-dalaşa çevrilib. Dava zamanı Camal qayınanasını vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə qohumu Samirə ilə ailə qurub:

“Hazırda dörd azyaşlı övladımız var. Ailə qurandan sonra 3-4 il valideyinlərimin evində yaşasam da, sonradan özümə ev tikərək təxminən 6 ilə yaxındır ki, öz evimdə yaşayıram. Harada olsa fəhləlik edərək ailəmi saxlayıram. İşdən sonra hər gün 250 qram spirtli içki araq içirəm. Bəzən spirtli içki içməyimə və ya dolanışığa görə aramızda tez-tez ailə daxili mübahisə olur”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 14 radələrində evdə nahar edəndə həmişə olduğu kimi 250 qram spirtli içki araq içib:

“Samirə araq içməyimə görə danışaraq azyaşlı övladımın əməliyyat olunması üçün pul toplamağı tələb etdi. Bu zaman aramızda yaranmış mübahisə zamanı əsəbləşdiyimdən Samirənin sifətinə bir-iki şillə vuraraq evdən çıxdım, fəhləlik etməyə getdim. Bir neçə saatdan sonra, təxminən saat 19 radələrində evə qayıdanda Samirənin və azyaşlı övladlarımın evdə olmadığını gördüm. Axtaranda onun valideyinlarinin evinə getməsini öyrəndim. Samirənin valideyinlərinin evinə gedərək onu və uşaqları evə gətirmək istədim. Samirə qayıtmadığı üçün aramızda yaranmış mübahisə zamanı onun qolundan yapışaraq sürüməklə evdən bayıra çıxarmaq istədim. Samirənin anası Fəridə və bacısı Sevda araya girdilər. Bundan əsəbləşdiyimdən əlimdə olan " mobil telefonu ilə qaynanamın başından bir dəfə zərbə ilə vurdum. Bu vaxt Sevda mobil telefonu əlimdən alaraq Samirə ilə birlikdə məni evdən qovduqlarından oradan öz evimə getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, qayınanası və baldızının işə qarışması səbəbindən ailəsini evinə apara bilməyib:

“Həmin vaxtı yanımızda kənar şəxs olmayıb. Samirə və qaynanam Fəridəni vuraraq xəsarət yetirməyimə görə peşmanam. Söz verirəm ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəm. Qaynanam ilə barışmışam. Onun mənə qarşı heç bir şikayəti yoxdur”.

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, hadisə günü təxminən saat 14 rədələrində Samirə yaşadığı ünvanda həyat yoldaşı Camal tərəfindən döyüldüyü üçün onun evinə gəlib:

“Bir neçə saatdan sonra Camal sərxoş halda evimə gələrək Samirədən evə qayıtmasını tələb etdi. Amma qızım onunla birgə yaşamaq istəmədiyini dedi, onunla getməkdən imtina etdi. Bu məsələ ilə bağlı onların arasında mübahisə yarandı. Mübahisə zamanı bir valideyn olaraq Camala iradımı bildirdim. Ailəsinə diqqət ayırmasını tələb etməyimə baxmayaraq, Camal Samirənin saçından yapışaraq onu yerə yıxdı, ağzından yumruqla vurdu.

Mən araya keçən zaman Camal yumruğu ilə başına vuraraq məni də döydü. Başımda qanaxma baş verdiyi üçün başımı tutaraq qışqırdım. Bu zaman Camal qanaxmanı görən kimi qaçaraq getdi. Bundan sonra həyat yoldaşım evə gələrək vəziyyəti gördü. O, baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək mənim döyülməm barədə məlumat verdi. Başımda qanaxma olduğundan ərim məni Salyan rayon Mərkəzi xəstəxanasına apardı. Orada mənə tibbi yardım göstərildi”.

Bu işə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.

Zərərçəkən kürəkəninə qarşı olan şikayətini geri götürüb, onu bağışlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova