İqtisadiyyat Özəl

Azərbaycan-Özbəkistan ticarət əlaqələri iqtisadi inkişafa töhfə verir — İqtisadçı

Azərbaycan-Özbəkistan ticarət əlaqələri iqtisadi inkişafa töhfə verir — İqtisadçı

“Azərbaycan və Özbəkistan arasında ticarəthəm ixrac edən, həm də idxal edən ölkələr üçün qarşılıqlı fayda təmin edir. Ticarət bir tərəfdən ixracatçı ölkənin iqtisadiyyatının böyüməsinə, məşğulluğun artmasına, istehsal potensialının genişlənməsinə şərait yaradır”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O qeyd edib ki, digər tərəfdən də idxalatçı ölkədə məhsul bolluğuna, tələbatın ödənilməsinə və qiymət sabitliyinə müsbət təsir göstərir:

“Yəni istər Özbəkistan, istərsə də digər ölkələrlə ticarət əlaqələrinin genişlənməsi hər iki tərəfin iqtisadi maraqlarına xidmət edir. Burada sahibkarlar əsas qərar verici mövqedədirlər. Hansı bazar onlar üçün daha sərfəlidirsə, həmin istiqamətdə ixrac və ya idxal fəaliyyətini qururlar. İnvestisiya isə başqa bir mühüm məsələdir. Xarici investisiyalar, xüsusilə birbaşa xarici investisiyalar, ölkəyə uzunmüddətli kapital axını deməkdir. Bu investisiyalar yeni bizneslərin yaradılmasına, iş yerlərinin açılmasına və nəticə etibarilə ölkənin istehsal və ixrac qabiliyyətinin artmasına səbəb olur. Xaricdə investisiya yatırımları zamanı da investorlar rentabelliyi, yəni gəlirliliyi ciddi şəkildə təhlil edirlər”.

İqtisadçı əlavə edib ki, buna görə həm ticarət, həm də investisiya əlaqələrinin genişləndirilməsi hər iki tərəfin iqtisadi inkişafına müsbət təsir edir:

“Məhz bu səbəbdən dövlət başçıları görüşlərdə ölkələrarası əlaqələrin səviyyəsini qiymətləndirərkən ilk növbədə iki əsas göstəriciyə diqqət yetirirlər: qarşılıqlı ticarət dövriyyəsinin həcmi və bu göstəricinin artım dinamikası. Təəssüf ki, hazırda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi hələ arzuolunan səviyyədə deyil. Özbəkistandan müəyyən məhsullar idxal olunsa da, bu ölkəyə ixrac potensialımız zəifdir. Bunun başlıca səbəbi isə Azərbaycanda qeyri-neft sektorunun hələ kifayət qədər inkişaf etməməsidir. Qeyri-neft məhsulları üzrə ixrac çeşidimizin və həcmimizin artırılması üçün istehsal sahələrinin, texnologiyaların və rəqabət qabiliyyətinin gücləndirilməsi vacibdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova