“Mərkəzi Asiya regionu dünyada karbohidrogen ehtiyatlarına görə ən zəngin bölgələrdən biridir”.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, bölgənin geosiyasi və iqtisadi əhəmiyyəti gün keçdikcə daha da artır:
“Digər tərəfdən, həm Azərbaycan, həm də Qafqaz regionu Mərkəzi Asiya ilə eyni strateji mövqeyə malikdir. Hər iki region Avropa ilə Asiya arasında yerləşən mühüm tranzit və enerji dəhlizləridir. Bu ərazilər, xüsusilə də enerji resurslarının nəqli və beynəlxalq ticarət yollarının keçidi baxımından əvəzolunmaz rol oynayır. Dünyada enerji ehtiyaclarının sürətlə artdığı bir dövrdə bu bölgələrin strateji çəkisi daha da ön plana çıxır. Azərbaycanın bu çərçivədə əsas məqsədi, Türk Dövlətləri Təşkilatı vasitəsilə daha geniş bir əməkdaşlıq platforması yaradaraq, regionun siyasi və iqtisadi gücünü artırmaqdır. Bu prosesdə Azərbaycanın fəal rolu, gələcəkdə dünyanın üçüncü böyük güc mərkəzinin formalaşmasına xidmət edə bilər. Bu strategiya yalnız regional maraqlara deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verə biləcək bir yanaşmadır”.
Leyla Turan Demokrat.az


